Güləşçilərimiz 9 il ərzində “Qızıl Qran-pri”də 63 qızıl, 49 gümüş, 80 bürünc medal qazanıblar

Güləşçilərimiz 9 il ərzində “Qızıl Qran-pri”də 63 qızıl, 49 gümüş, 80 bürünc medal qazanıblar



Son illər idman ölkəsinə çevrilən Azərbaycanın paytaxtı Bakı ötən həftə daha bir mötəbər beynəlxalq yarışa ev sahibliyi etdi. 

Sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin təşkili artıq ənənə halını alıb. Budəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. Belə ki, Azərbaycana bu yarışda iştirak etmək üçün 50-dən çox ölkədən 700-dək güləşçi təşrif buyurmuşdu.
Güləş üzrə ölkə yığma komandalarımız həmişə olduğu kimi, bu dəfə də inamlı çıxışları ilə yadda qaldı. Belə ki, güləşin hər üç növü üzrə yığma komandalarımız 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal əlavə etdilər.

Yarışın birinci günündə mübarizə aparan sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla 7 medal qazanıblar. Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi ilə məşqçilər korpusunun əsasən gənc güləşçilərə şans verdiyini nəzərə alsaq, nəticəni qənaətbəxş hesab etmək olar. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Gitinomaqomed Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.

Yarışın ikinci günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz turniri 1 gümüş və 2 bürünc medalla tamamlayıblar. Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusu da heyətə daha çox gənc güləşçiləri daxil etmişdi. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıblar. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal uğrunda görüşləri uduzaraq 5-ci yerdə qərarlaşıblar.

Mötəbər turnirin sonuncu günündə isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun heyətə daxil etdiyi güləşçilərimiz 7 medal - 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medallara Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) sahib olublar. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.

Ümumilikdə doqquz ilin yekunlarına görə, sərbəst güləşçilərimizin qazandıqları medalların sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü gümüş, 37-si isə bürüncdür. Qadın güləşçilərimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıblar. Yunan-Roma güləşçilərimizin isə bu müddətdə qazandıqları medalların sayı 75-ə çatıb. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc əyarlıdır.
Ötən illərdə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görürük ki, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 medal, 2010-cu ildə 15 medal, 2011-ci ildə 26 medal, 2012-ci ildə 22 medal, 2013-cü ildə 24 medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 21 medal qazanılıb. Bu il də daxil olmaqla qazanılan ümumi medalların sayı 192-dir ki, bunun da 63-ü qızıl, 49-u gümüş, 80-i isə bürünc əyarlıdır.