Azərbaycan Avropa Şurasının idmana məsul nazirlərinin 14-cü konfransında təmsil olunur

Azərbaycan Avropa Şurasının idmana məsul nazirlərinin 14-cü konfransında təmsil olunur
Budapeştdə Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işə başlayıb. Olimpnews.az saytının məlumatına görə, konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Tədbirdə son vaxtlar dopinqlə bağlı media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması üçün dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində ölkələrin görməli olduğu işlər, Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi, WADA ilə yanaşı, yeni müstəqil test qurumunun yaradılması kimi mühüm məsələlər edilir.

Konfransda çıxış edən Azad Rəhimov dopinqlə mübarizə sahəsində ölkəmizdə görülən işlər, qəbul olunan qanunlar, Polşanın Antidopinq Agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat verib. Nazir, eyni zamanda WADA–nın son iclasında Azərbaycan Antidopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı qərara münasibət bildirərək deyib: "İdmançı illərlə Olimpiya Oyunlarına hazırlaşır. O, bu Oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alındığı bildirilir. Bu, idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada təkcə idmançının günahı yoxdur. Bu barədə hər birimiz düşünməliyik”.

Konfransda Avropa Şurasının "İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nın həyata keçirilməsi, ratifikasiyası və xüsusilə Milli Platformanın yaradılması ilə bağlı ortaya çıxan çətinliklərin aradan qaldırılması üçün Avropa Şurasının ölkələrə göstərə biləcəyi dəstək formaları ilə bağlı fikir mübadilələrinin aparılması da nəzərdə tutulub.

Azərbaycan Avropa Şurasının "İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nı 2014-cü il sentyabrın 17-də İsveçrənin Makolin şəhərində Avropa Şurasının idman nazirlərinin 13-cü konfransında imzalayıb.

Konfransın gündəliyinə daxil edilmiş mühüm məsələlərdən biri də idmanda yaxşı idarəçiliyi dəstəkləmək üçün əhalinin bütün təbəqələrinin, xüsusilə gənclərin cəlb olunması və ölkələrin bu sahədə gördüyü tədbirlərlə bağlıdır. Tədbir çərçivəsində, həmçinin "Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”nın imzalanması da nəzərdə tutulur. Azərbaycanın həmin konvensiyaya qoşulması üçün müvafiq işlər görülür.

Səfər çərçivəsində Azad Rəhimovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan və WADA prezidenti Qreyq Ridi ilə görüşlərində dopinq sahəsində mövcud vəziyyət müzakirə edilib. Nazir, eyni zamanda, Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynadan olan həmkarları ilə də görüşlər keçirib.