Olimpiya stadionunda konsert təşkil olunacaq

Olimpiya stadionunda konsert təşkil olunacaq



Dekabrın 31-də Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Ən Yeni il” adlı möhtəşəm konsert proqramı təşkil olunacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, Türkiyənin tanınmış ifaçıları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

"Olimpnews.az” verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev deyib. O, Bakı Olimpiya Stadionunun tək idman obyekti kimi fəaliyyət göstərmədiyini qeyd edib. "Bildiyiniz kimi, il ərzində bir neçə uğurlu tədbirlərimiz olub. Stadion ən müasir səs və video avadanlıqları ilə təchiz edilib. Bu baxımdan möhtəşəm konsert proqramlarının təşkili üçün əlverişli imkana malikdir. Konsert proqramının təşkilatçısı Bakı Olimpiya Stadionudur. Əlbəttə, bizə bu işdə konsert təşkilatçılığında böyük təcrübəyə malik şirkətlər təşkilati və texniki dəstək verəcəklər. Sözügedən konsert proqramı bütün iştirakçılar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı düşündüyümüz hədiyyədir. Əsas sürprizlər stimullaşdırıcı lotereya vasitəsilə oynanılan mənzil və iki avtomobildir. Digər maraqlı sürprizlər də nəzərdə tutulur”, - deyə stadionun direktoru bildirib.

Bakı Olimpiya Stadionunun 60 min tamaşaçı tutumu olduğuna diqqət çəkən Cavid Qarayev deyib ki, konsertdə stadionun oturacaqlarından istifadə edilməyəcək. Bütün əyləncələr meydançada olacaq və tamaşaçılar da səhnənin ətrafında duracaqlar. Bu baxımdan stadionun tribunalarının doldurulması nəzərdə tutulmur.

Konsert proqramı çərçivəsində əlavə olaraq əsl bayram əhval-ruhiyyəsi yaratmaq məqsədilə AAF Park yaşayış kompleksində mənzil, SEAT Azərbaycan tərəfindən 2 ədəd avtomobil ("Teledo” və "İbiza”) və "HELL” tərəfindən təqdim olunan ikinəfərlik Macarıstana səyahət hədiyyə fondu olan lotereya təşkil olunacaq. Hər biletin sahibi lotereya oyununun iştirakçısı ola bilər.