Tarixi ənənələri qoruyan idman ocağı

Tarixi ənənələri qoruyan idman ocağı

Artıq bütün dünya Azərbaycan Respublikasını idman dövləti kimi tanıyır. Bu möhtəşəm uğura möhtərəm Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanına və idmançılarımıza göstərdiyi qayğı nəticəsində nail olunub. Beynəlxalq miqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilməsi və ilk Avropa Oyunlarının Bakıya həvalə edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun əyani sübutudur.

Bu gün həyatımızın bütün sahələrində sürətli inkişaf prosesi gedir. Yeni istehsal müəssisələri açılır, idmanın kütləviliyi üçün qurğular istifadəyə verilir. Gələcəyimizin təminatçısı olan gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, bilikli, iradəli, vətənpərvər və cəsur yetişməsinə böyük önəm verilir. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı ilə bərabər, onların fiziki inkişafının diqqətdə saxlanılması danılmaz bir faktdır.

Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan marağı gənclərimizə örnək olmalıdır. Ölkə başçısının "Sağlam və güclü gəncləri olan ölkə hər şeyə qadirdir” ifadəsi bu gün gənc nəslimizin şüarına çevrilməlidir.

Gənclərin fiziki hazırlığı kimi, ideoloji hazırlığı da yüksək səviyyədə həyata keçirilir. Bu gün orduya çağırılan gənclərin fiziki cəhətdən hazırlığının aşağı səviyyədə olması müəyyən problemlər yaradır. Fiziki hazırlığı möhkəm olan gənclər hərbi xidmətə yollanarkən çətinliklərdən qorxmurlar. Ümumiyyətlə, gənclərin fiziki hazırlıq səviyyəsi daim diqqət mərkəzində olmalıdır.

Vətən torpağını azad etmək üçün, gənc nəslin qarşısında necə çətin, məsuliyyətli bir vəzifə durduğunu görürük. İstisnasız olaraq, hər bir gənc vətənimizin müdafiəsinə hazır olmalıdır. Bunu vətən, millətimiz, işğal altında qalan ata-baba yurdumız, ulularımızın ruhu tələb edir.

Dünyanın bir sıra ölkələrində gənclərin fiziki və mənəvi cəhətdən formalaşmasında fiziki hərəkətlərin böyük əhəmiyyətə malik olduğuna xüsusi diqqət yetirirlər. Yeri gəlmişkən qeyd edək ki, Amerikada və Avropanın bir sıra ölkələrində qəbul imtahanlarına fiziki hazırlıq normativləri salınıb. Ona görə də həmin ölkələrdə valideynlər övladlarının erkən yaşlarından idmanla məşğul olmalarının qayğısına qalırlar. Bu da idmanla məşğul olanların sayının artmasına gətirib çıxarır. Bir sıra Avropa ölkələrində ali məktəblərin tələbələri hər semestr fiziki hazırlığa aid olan normativlərdən imtahan verirlər. Normativlərini yerinə yetirə bilməyən gənclər əlavə pul ödəməli olurlar. Bu proses ali məktəbi qurtarana qədər davam edir.

Bir şeyi unutmaq olmaz ki, gənclərin fiziki hazırlığının və milli ruhunun yüksək olması, hər mənada, dövlətimizin xeyrinədir. Fərqi yoxdur, həmin gənc idmançıdır, hərbçidir, yoxsa fəhlə. Təsiredici amillərdən geniş istifadə edilməsi də gənclər üçün çox faydalıdır. Çünki yüksək fiziki hazırlıq onların sağlamlığının artmasına kömək edir, gənclərə əlavə stimul verir.

"Məhsul”un idman qurğuları şəbəkəsi
 bütün respublikanı əhatə edir

Azərbaycan qədim idman ənənələri olan bir diyardır. Bu ənənəni yaşatmaq, respublikanın rayonlarında, ucqar kəndlərində, bir sözlə, ölkənin hər bir yerində idmanı inkişaf etdirmək üçün geniş şəbəkəyə malik olan, çoxşaxəli fəaliyyət göstərə biləcək idman cəmiyyətinin yaradılmasını tələb edirdi. Belə bir idman cəmiyyəti 1951-ci ildə "Kolxozçu” adı altında yaradıldı. Fəaliyyətə başlayan cəmiyyət təxminən 8-9 il sonra "Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurası adlandırıldı. Məhz 50-ci illərin sonu "Məhsul”un fəaliyyətinin gucləndirilməsi ilə əlamətdar oldu. Bir çox rayonlarda idman qurğuları, məktəbləri istifadəyə verildi. Kənd sakinləri, xüsusilə gənclər arasında bədən tərbiyəsinə, idmana maraq gücləndi.

1980-ci illərdə Azərbaycanın iqtisadiyyatının inkişafı "Məhsul”un da fəaliyyətinin genişləndirilməsinə imkan yaratdı. Respublika Həmkarlar İttifaqları Şurasının maliyyə yardımı nəticəsində yerlərdə idman qurğuları şəbəkəsi genişləndirildi. Həmin illərdə cəmiyyətin nəzdində Şamaxı, Tovuz, Qazax şəhərlərində idman kompleksləri, Masallıda, Kürdəmirdə, Sabirabadda və Cəlilabadda stadionlar, Ağdamda, Şəkidə atçılıq bazaları, şahmat məktəbləri tikilib istifadəyə verildi. "Məhsul”un idman qurğuları şəbəkəsi ən ucqar kəndlərdən başlamış paytaxta qədər bütün respublikanı əhatə edirdi. Bu qurğularda cəmiyyət minlərlə kənd zəhmətkeşlərinin, kənd təsərrüfatı sahəsində çalışan insanların sağlamlığının möhkəmləndirilməsi üçün səmərəli işlər görmüş, respublika əhalisi arasında bədən tərbiyəsinin kütləviliyini təmin edilməsində xüsusi rol oynamışdır.

"Unudulan milli oyunlarımız yenidən bərpa olunub”

Milli mənəviyyatımızın indiki dirçəliş mərhələsində irsimizin yaşamasına biganəlik göstərdiyimiz bir çox cəhətlərdən biri də minillik tarixi olan milli oyunlarımızdır. İllər boyu toylarımızın, bayramlarımızın yaraşığı olan, müxtəlif fiziki hərəkətlərlə zəngin, bir çox müsbət fiziki kefiyyətlər aşılayan, məzmunca sağlamlıq, mahiyyətcə mənəvi dəyərlər tərbiyə edən oyunlarımız ("Dirədöymə”, "Dədəboyu”, "Çalağançardağı”, "Çiling-ağac”, "Ənzəli”, "Artırma”, "Xıy-Xıy” və s.) XX əsrin 50-ci illərindən sonra unudulmağa başlandı. Hətta yaddaşlardan silindi. Milli irsimizi yaşadan oyunlarımızın taleyi belə müşkül vəziyyətdə qala bilməzdi. Odur ki, Həmkarlar İttifaqı Bədən Tərbiyəsi-İdman Cəmiyyəti milli oyunlarımızı dirçəldib onları yenidən məişətimizə qaytarmağı qərara alındı. Lakin bu işdə güclü təbliğat və tövsiyələr kifayət deyildi. Bu məsələdə ən səmərəli yol oyunların vahid qaydalarını hazırlamaq və bədən tərbiyəsi kollektivlərinin iş planına daxil etmək, spartakiadasını keçirmək idi. Məqsədə nail olmaq üçün 1989-cu ildə "Məhsul” KKİC-i 5 oyunun (Dirədöymə, Dədəboyu, Çilinq-ağac, Çalağancardağı, Xıy-Xıy) qaydalarını hazırladı və onları sınaqdan keçirmək üçün seminarlar keçirdi. Beləliklə, milli oyunlarımızın yenidən xalqın yaddaşına yazılması bərpa olundu. Hazırda "Məhsul” İdman Cəmiyyəti bölgələrin iştirakı ilə milli oyunlamız üzrə yarışlar keçirir.

Məşhurların sevimli idman ocağı

Fəaliyyət göstərdiyi bu illər ərzində "Məhsul” İC peşəkar idmanın inkişafına da öz töhfələrini verib. İkiqat Olimpiya çempionu, Olimpiya Oyunlarında iki dəfə gümüş mükafat qazanan voleybolçu İnna Rıskal, cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov, 7 dəfə dünya çempionatının qalibi olan samboçu Ceyhun Məmmədov, məşhur şahmatçı Aynur Sofiyeva, Atlanta və Sidney Olimpiadalarının iştirakçısı, güllə atıcılığı üzrə Avropa çempionu İradə Aşumova, SSRİ birinciliyinin mükafatçısı Aslan Ağayev və digər məşhur idmançılar "Məhsul” İC-in yetirmələridir.

Cəmiyyətin yetirmələri arasında idman karyerasını başa vuraraq fəaliyyətini doğma təşkilatda davam etdirən təcrübəli mütəxəssislər də az deyil. Hazırda "Məhsul” İC-in Təşkilatı işlər və Kadrlar şöbəsinin müdiri Validə Novruzovanın ölkə idmanının inkişafında böyük rolu olub. 1980-ci ildən kamandan ox atma üzrə Azərbaycan milli komandasının üzvü, SSR-nin idman ustası adına layiq görülən Validə Novruzova bir sıra uğurlar əldə edib. O, 1982-ci ildə Moskvada keçirilən III Ümumittifaq İdman Oyunlarında uğurla çıxış edib, 1984-cü ildə Azərbaycan çempionatının qalibi olub. Növbəti il Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən çempionatda birinci yeri tutub. Təcrübəli idmançı 1986-cı ildə Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

"Biz öz işimizi günün tələbləri səviyyəsində qurmuşuq”

1980-ci illərin sonunda idman cəmiyyəti çətin dövrünü yaşadı. Bu illər ümumiyyətlə, Azərbaycan idmanında çətin dövr kimi xarakterizə edilir. 1993-cü ildən respublikamızın siyasi, ictimai həyatında yaxşılığa doğru baş verən dönüş idman cəmiyyətlərinin əksəriyyətinin, o cümlədən "Məhsul” İC-in də bərpa olunmasına, fəaliyyətini yenidən qurmasına imkanlar yaratdı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının köməyi sayəsində cəmiyyətin itirilmiş mövqelərini çətinliklə olsa da geri qaytarmaq üçün böyük işlər görüldü. İş sistemini əvvəlki qaydaya salan idman cəmiyyəti bədən tərbiyəsi kollektivlərinin sayını 619-a çatdırdı. "Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti məhz bu ağır və çətin bir məqamda öz işinin öhdəsindən gəlməyi bacardı. Qısa müddətdə rayon və kəndlərdə, qəsəbələrdə salınan sadə idman meydançaları, yaradılan klublar Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına güclü təkan verdi. Görülən işlər gənclərin fiziki sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdi.

"Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Respubika Şurasının sədri, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Rasim Əliyev bizimlə söhbətində bildirdi ki, "Məhsul” öz fəaliyyətini möhkəm təməllər üzərində qurub. "Cəmiyyət ötən altmış beş ildə Azərbaycanın şəhər, rayon qəsəbə və kəndlərində yüzlərlə idman meydançaları, stadionlar, idman kompleksi inşa edib gənc nəslin ixtiyarına vermişdir. Artıq 65 ildir ki, "Məhsul” İdman cəmiyyəti ölkəmizdə gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə, istedadlı idmançıların yetişdirilməsinə xidmət edir. Cəmiyyətin idmançıları respublika bədən tərbiyəsi təşkilatının layiqli üzvləri kimi öz uğurlu çıxışları ilə Azərbaycanın idman şərəfini həmişə ləyaqətlə qoruyublar. Geri dönüb ötən yarım əsrə nəzər salanda cəmiyyətin onlarca dünya, Avropa və digər mötəbər beynəlxalq yarışlarda medallar qazanmış idmançıları gözümüzün önünə gəlir. "Məhsul”un atletika üzrə mərhum idmançılarından biri, Böyük Vətən müharibəsinin iştirakçısı, ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatında xüsusi xidmətləri olan İbadulla Həsənov gənclərə nümunə idi. Onun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi. Veteran idmançı Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi fəxri adına layiq görülmüşdü. İbadulla Həsənov 1980-ci ildə Moskva şəhərində keçirilmiş Olimpiya Oyunlarında hakimlik etmiş, yüngül atletika üzrə beynəlxalq dərəcəli hakim adını almışdı. Onun rəhbərliyi altında uzaq və orta məsafələrə qaçan bir çox yüksək səviyyəli idmançılar hazırlanmışdı. Eyni zamanda, "Məhsul” idman cəmiyyətinin veteran atletləri - dəfələrlə Azərbaycan çempionları, SSRİ mükafatçıları olmuş Habil və Şamil İsmayılovların gənc nəslin idmana cəlb olunmasında böyük xidmətləri var. Belə insanlar respublikamızda idmanın kütləviliyi üçün əllərindən gələni ediblər. "Məhsul” idman cəmiyyətinin ən böyük uğurlarından biri ötən əsrin səksəninci illərində keçirilmiş ümumittifaq kənd idman oyunları olmuşdur. Bu oyunlarda "Məhsul” cəmiyyətini təmsil edən güləşçilər, boksçular komanda hesabında ümumittifaq miqyasda birinci yeri tutublar. Kənd oyunlarında digər idman növlərində də respublikamızı təmsil edənlər yüksək nəticələr qazanıblar. "Məhsul” idman cəmiyyəti bu gün də Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında ön sıralardadır. Biz öz işimizi günün tələbləri səviyyəsində qurmuşuq və bizə göstərilən etimadı doğrultmağa çalışırıq. "Məhsul” idman cəmiyyətinin sədri olaraq qeyd etmək istəyirəm ki, gənclərin fiziki və mənəvi inkişafı, idman yarışlarında uğurlu nəticələr əldə etmək üçün səy göstərəcəyik.

"Məhsul” idman cəmiyyətinə göstərdikləri dəstək və yardıma görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevə, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin sədri Nadir Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Rasim Əliyev əlavə etdi.

Son iki il ərzində "Məhsul”un nailiyyətləri daha yüksək olub

İdman cəmiyyətinin üzvləri hər il olduğu kimi, 2015-ci ildə bir sıra yarışlarda iştirak edərək uğurlar qazanıblar. Belə ki, ötən ilin avqust ayında Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən qadın güləşi üzrə yeniyetmələr arasında dünya çempionatında idman ocağının yetirməsi Zemfira Ələkbərli 38 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb. Elə həmin ay Braziliyanın Salvador-Da Bahiya şəhərində gənclər arasında dünya çempionatı təşkil olunub. Qadın güləşi üzrə keçirilən yarışlarda "Məhsul” İC-in yetirməsi Raqnetta Qurbanzadə (63 kq) gümüş medal əldə edib. Ötən il Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında Avropa çempionatında da çıxış edən Raqnetta Qurbanzadə üçüncü yeri tutub. Serbiyanın Subotiça şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa birinciliyi də "Məhsul”un idmançıları üçün uğurlu olub. Bu turnirdə mübarizə aparan Zaur Nuriyev (46 kq) yunan-Roma güləşçiləri arasında üçüncü pillədə qərarlaşıb. Elə həmin yarışda idman cəmiyyətinin sərbəst güləşçisi Zemfira Ələkbərli (38 kq) gümüş medala, onun komanda yoldaşı Aynur Camalova (43 kq) isə bürünc medala layiq görülüb.

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında "Çempionlar” adlı beynəlxalq turnirdə mübarizə aparan Nəzərşah Fətullayev (76 kq) yunan-Roma güləşi üzrə yarışdan vətənə gümüş medalla qayıdıb.

Rusiya Federasiyasının Dağıstan respublikasının Kaspiysk şəhərində güləş üzrə beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə "Məhsul”un güləşçiləri də yarışıblar. Bu turnirdə 65 kq çəki dərəcəsində çıxış edən Coşqun Əzimov bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb.

Başa çatmaqda olan 2016-cı ili də "Məhsul” İdman Cəmiyyəti Respublika Şurasının yetirmələri üçün uğurlu saymaq olar. İdman ocağının üzvləri bu il həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə güclərini sınayıblar. İdman cəmiyyətinin istedadlı pəhləvanı Zaur Nuriyev İsveçin Stokholm şəhərində yunan-Roma güləşi üzrə təşkil olunan yeniyetmələr arasında Avropa birinciliyində üçüncü yerə layiq görülüb. O, həmçinin İran İslam Respublikasında İmam Yadigarın xatirəsinə həsr olunan beynəlxalq turnirində də uğurla iştirak edib. Yeniyetmə güləşçi bu yarışda yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. "Məhsul” İC-in xanım güləşçisi Aynur Camalova isə bu ilin sentyabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində öz bacarığını nümayiş etdirib. İdmançımız turniri 3-cü yerdə başa vurub.

"Gənclərin sağlam və milli ruhda tərbiyə olunmasına
 hamımız dəstək olmalıyıq”

"Məhsul” idman cəmiyyətinin sədri Rasim Əliyev bildirdi ki, respublikamızda yaradılan şərait gənc nəslin sağlam ruhda formalaşmasına zəmanət verir. "Gənclərimizin sağlam və milli ruhda tərbiyə olunması, iradəli, mərd, vətənpərvər və cəsur böyüməsində idman ocaqlarının rolu böyükdür. Ölkəmizdə təhsil müəssisələrində, idman sektorlarında gənclərin fiziki hazırlığı mühüm və əsas amillərdən biridir. Klub və cəmiyyətlərdə daxili yarışların tez-tez keçirilməsi yeniyetmələrin və gənclərin idmana olan maraqlarını daha da artırır. Gənclər idmanla nə qədər çox məşğul olsalar, bir o qədər də sağlam ruhda böyüyər, mənfi xüsusiyyətlərdən, pis vərdişlərdən uzaqlaşarlar. İdman və bədən tərbiyəsi sahəsində çalışan bir insan kimi hesab edirəm ki, gənclərimizin fiziki hazırlığının yüksəldilməsinə, onların sağlamlığının möhkəmləndirilməsinə zəmin yaradan kompleks tədbirlər həyata keçirilməlidir. Bütün bunlar gənclərin həyatında idmanın rolunu müəyyən edir və onun mahiyyətinin əhəmiyyətli olmasını göstərir.

Bir azərbaycanlı kimi, məni sevindirən odur ki, respublikamızın əksər bölgələrində Olimpiya idman kompleksləri, idman zalları yaradılıb. İnsanların istirahət etdikləri yerlərdə də idmanla məşğul olmaq üçün hər cür şərait mövcuddur. Bakıda Milli Parkda quraşdırılan idman qurğuları buna əyani sübutdur. Gənclərin sağlam və milli ruhda tərbiyə olunmasına hamımız dəstək olmalıyıq. Çünki hər bir gəncin həyatının əsas mənası sağlam və xoşbəxt olmaq, cəmiyyətdə layıqli yer tutmaqdır. Dövlətimizin qarşısında duran vəzifələrdən ən önəmlisi sağlam gənclər yetişdirməkdir. Hər birimiz dövlətimizin prioritet saydığı bu məsələyə öz işimizlə və əməlimizlə töhfə verməliyik. Çünki Azərbaycanda gənclərin, o cümlədən yeniyetmələrin fiziki sağlamlığı üçün heç bir problem yoxdur. Biz hər birimiz dövlətimizin idmana göstərdiyi qayğıya öz işimizlə kömək etməliyik. Danılmaz faktdır ki, ölkəmizdə idmanın və bədən tərbiyəsinin kütləviliyi üçün ən gərəkli addımlar atılır və atılmaqdadır. Azərbaycanda təşkil olunan beynəlxalq yarışlar yeniyetmə və gənclərin idmana kütləvi şəkildə cəlb olunmasında xüsusi əhəmiyyət daşıyır. Bakıda təşkil olunan birinci Avropa Oyunlarından sonra idman zallarına üz tutan uşaqların sayının artması dediklərimi sübut edir. Əminəm ki, Azərbaycan dövlətinin qayğısından bəhrələnən gənclərimiz ölkəmimizin bayrağını hər zaman uca tutacaq, bu vətənin sabahının layiqli vətəndaşları olacaqlar”, - deyə Rasim Əliyev əlavə etdi.

"Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurası 65 ildir ki, ölkəmizdə idmanın inkişafına xidmət edir. Bu idman ocağının yetirmələrini qarşıda bir sıra mühüm yarışlar gözləyir. İnanırıq ki, idman sahəsində tarixi ənənələri olan "Məhsul”un atletləri gələcək yarışlarda da vətənimizin adını ucaldacaqlar.