Pəhləvanlarımız Dağıstanda 5 medal qazanıblar

Pəhləvanlarımız Dağıstanda 5 medal qazanıblar



Dağıstanın Kaspiysk şəhərində dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 5 (1 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanıblar.

Qızıl medalı yığmamıza 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub. Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medallara isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov sahib olublar. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.