Güləşçilərimiz üçün yola salmağa hazırlaşdığımız 2016-cı il də uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.
"Olimpnews.az" Azərbaycan Güləş federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, güləş komandamız 2016-cı ildə ümumilikdə 255 (62 qızıl, 61 gümüş və 132 bürünc) medal qazanıb.
Pəhləvanlarımız bu il iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Olimpiya Oyunları, Avropa və dünya çempionatlarında 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla ümumilikdə 86 medal əldı ediblər. Son 8 ilin statistik göstəricilərinə nəzər saldıqda, Azərbaycan pəhləvanlarının ələd etdikləri nailiyyətlərin ildən-ilə artdığının şahidi oluruq. yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal qazanan güləşçilərimiz 2016-cı ildə bu medalların sayını 86-ya qaldırıblar.
Böyüklər
Böyüklərdən ibarət güləş yığmamız Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan güləşçilərimiz ilə uğurla başlayıblar. Yunan-Roma ezrə komandamız bu yarışda 3-cü nəticə göstərib.
Braziliyanın Rio-de-Janeyro şəhərində keirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar. Pəhləvanlarımız 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. Olimpiadada 6 idmançı ilə təmsil olunan sərbəst güləş üzrə komandamız 5 medal qazanmaqla (medal sayına görə) bütün komandaları qabaqlayıb.
Makedoniyanın Skopye şəhərində keçirilən hərbçilərin Dünya çempionatını da pəhləvanlarımız 9 (2 qızıl, 4 gümüş və 3 bürünc) medalla başa vurublar. Yunan-Romaçılar komanda hesabında dünya çempionatının 2-si olub.
İlin sonunda Macarıstanın paytaxtı Budapeştdə tarixdə ilk dəfə keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Bir çox aparıcı güləş ölkələrinin medal qazana bilmədiyi dünya çempionatını hər növdə iki idmançı ilə təmsil olunan yığmamız 2 bürünc medalla başa vurub.
U-23
Bolqarıstanın Ruse şəhərində tarixdə ikinci dəfə keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 13 (3 qızıl, 4 gümüş və 6 bürünc) medalla tamamlayıb və ötənilki nəticəni (9 medal) daha da yaxşılaşdırıb.
Gənclər
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında pəhləvanlarımız ümumilikdə 12 medala (5 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar. Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstəriblər. Bundan başqa Fransanın Makon şəhərində keçirilən dünya çempionatında Azərbaycan yığması 8 (2 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya ikincisi olub.
Yeniyetmələr
2016-cı il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız İsveçin paytaxtı Stokholm şəhərində təşkil edilən Avropa çempionatında 15 (1 qızıl, 4 gümüş və 10 bürünc) medal qazanıb (ötən il bu rəqəm 9 olub), sərbəst güləşçilərimiz isə komanda hesabında 2-ci yeri tutublar.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya çempionatında güləşçilərimizin əldə etikləri medalların sayı 10-a (2 qızıl, 3 gümüş və 5 bürünc) çatıb. Komanda hesabında yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə 3-cü nəticə göstəriblər.
Bundan başqa, yığma komandalarımız bu il 9-cu dəfə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsi (7 qızıl, 3 gümüş və 7 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 169 medal qazanıblar. Bu medallardan 45-I qızıl, 38-i gümüş və 86-sı isə bürüncdür.
Beləliklə, güləşçilərimiz 2016-cı il ərzində 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıblar. Bu medallardan 84-ü yeniyetmə, 55-i gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 13 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 103 medala sahib olublar. İl ərzində əldə etdiyimiz medalların 130-u sərbəst, 94-ü yunan-Roma güləşçilərin, 31-isə qadın güləşçilərin payına düşüb.
Qarşıdan gələn 2017-ci il idmançılarımız üçün məsuliyyətli təqvim təqvim illərindən biri olacaq. Belə ki, ölkəmiz gələn IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və güləşçilərimizin məqsədi bu yarışda da uğurlu çıxış etmək, Azərbaycanın idman şərəfini layiqincə təmsil etməkdir.