Veteran gimnastın 75 yaşı tamam olur

Veteran gimnastın 75 yaşı tamam olur




Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, fəxri bədən tərbiyəsi və idman işçisi, beynəlxalq dərəcəli hakim, SSRİ idman ustası, professor Elşad Nərimanovun 75 yaşı tamam olur. 

Elşad müəllim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Kütləvi sağlamlıq idman növləri" kafedrasının müdiri vəzifəsində çalışır. Ölkəmizdə bədən tərbiyəsi və idmanın, xüsusən də akrobatikanın inkişafında böyük xidmətləri olan Elşad müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə "Tərəqqi" medalına layiq görülüb.

Elşad Nərimanov 1941-ci il dekabrın 29-da Bakıda anadan olub. 1959-cu ildə 63 saylı orta məktəbi, 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. İdmanla 1951-ci ildə "Neftçi” Könüllü İdman Cəmiyyətində məşğul olmağa başlayıb. 1957-ci ildən 1968-ci ilədək akrobatika üzrə yığma komandanın üzvü kimi SSRİ birincilik və çempionatlarında respublikamızın şərəfini ləyaqətlə qoruyub. 1958-ci ildə akrobatika üzrə SSRİ Həmkarlar İttifaqının Spartakiadasının və SSRİ çempionatının bürünc mükafatını qazanıb. Müxtəlif illərdə akrobatika üzrə SSRİ birinciliklərinin qalibi olan Elşad Nərimanov 1957-1968-ci illər ərzində 10 dəfə respublika çempionu adına layiq görülüb. O, qardaşı Bəhram Nərimanovla birgə SSRİ idman ustası adına layiq görülən ilk Azərbaycan akrobatıdır.
Ömrümün 50 ildən çoxunu idmana sərf edən Elşad müəllim uzun müddət rəhbər vəzifələrdə çalışıb. 1965-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunun bədən tərbiyəsi və idman kafedrasında müəllim, 1970-1972-ci illərdə Nizami rayonu Uşaq-Gənclər Məktəbinin direktoru vəzifəsində çalışıb. 1972-1977-ci illərdə Bakı Bədən Təbiyəsi və İdman Komitəsinə sədr müavini kimi fəaliyyət göstərib. Veteran idmançı 22 il (1972-1994) idman akrobatikası federasiyasının sədri işləyib. 1977-1994-cü illər ərzində "Ehtiyat Əmək Qüvvələri” Ümumittifaq Könüllü İdman Cəmiyyəti Bakı şəhər şurasının sədri, "Lokomotiv” İC-nin sədr müavini və Nərimanov rayonu Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsində çalışıb.
1996-cı ildən ADBTİA-da "Gimnastika və onun metodikası” kafedrasında baş müəllim, 2005-ci ildən isə dosent, 2010-cu ildən isə professor kimi fəaliyyət göstərir. 1964-cü ildən hakim kimi fəaliyyət göstərən veteran idmançımız 1969-cü ildə idman akrobatikası üzrə ümumittifaq, 1977-ci ildə isə beynəlxalq dərəcəli hakim adına layiq görülüb.

Elşad Nərimanov həm də elmi məqalələrin, dərs vəsitlərinin müəllifidir. 1967-ci ildən bu günə kimi elmi-pedaqoji fəaliyyətini davam etdirən bu insan 90-a qədər dərslik, dərs vəsaiti, metodik vəsait və tədris proqramlarının müəllifidir. İdman ictimaiyyəti onu həm də kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin ssenari müəllifi və baş quruluşçu rejissoru kimi tanıyır. SSRİ dövründə ölkəmizdə təşkil edilən bədii və əyləncəli idman bayramlarının, eləcə də müstəqillik illərində Atlanta-1996, Sidney-2000 və Afina-2004 Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların yolasalma, 2000-2010-cu illərdə Olimpiya İdman Komplekslərinin açılış mərasimlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub. 2004-cü ildən bu günədək Azərbaycan Gimnastika Federasiyasının akrobatika gimnastikası üzrə texniki komitəsinin sədri, 2006-cı ildən isə Azərbaycan İdman Veteranları İttifaqı İdarə Heyətinin üzvü, həm də Azərbaycan Gimnastika Veteranları Şurasının sədr müavinidir.
Elşad müəllimi təbrik edir, uzun ömür və can sağlığı arzu edirik. 




Səadət Hakıyeva