Azərbaycan Gimnastika Federasiyası ötən ili uğurla yola salıb

Azərbaycan Gimnastika Federasiyası ötən ili uğurla yola salıb



Azərbaycan Gimnastika Federasiyası üçün 2016-cı il bir çox əlamətdar hadisə və uğurlu nəticələrlə yadda qalıb. Beynəlxalq idman tədbirlərilə zəngin olan ötən ildə gimnastlarımız ümumilikdə 48 medal (10 qızıl, 23 gümüş, 15 bürünc) qazanıblar. Federasiyanın İcraiyyə Komitəsinin ötən il dekabrın 26-da keçirilən 28-ci iclasında bununla bağlı müzakirələr aparılıb. İclasda həmçinin gimnastika növləri üzrə yığma komandaların baş məşqçilərinin hesabatları dinlənilib.

"Olimpnews.az" xəbər verir ki, federasiya 2016-cı ilə fevral ayının 19-21 tarixlərində Bakıda ilk dəfə olaraq kişi və qadın idman gimnastikası üzrə təşkil olunan FIG Dünya "Challenge” Kuboku, "AGF Trophy” yarışı ilə start verib. Beynəlxalq yarışda gimastlarımız Oleq Stepko 1 qızıl, 1 gümüş, 1 bürünc medal, Marina Nekrasova isə 1 bürünc medal əldə ediblər. 
Gimnastlarımızdan növbəti sevindirici xəbər İsveçrənin paytaxtı Lozannadan gəlib. Belə ki, Azərbaycan Gimnastika Federasiyası iki il dalbadal Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafata layiq görülən və fərqlənən federasiyaların reytinq siyahısında yer alıb. İdman gimnastikasının ardınca martın 5-6-da ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi batut gimnastikası üzrə Dünya kuboku yarışları baş tutub. Ölkəmizdə cəmi 3-cü ildir ki inkişaf etməyə başlayan batut gimnastikası üzrə yarışlarda gimnastlarımız ilk dəfə üç final mərhələsində respublikamızı layiqincə təmsil ediblər.

Çinin Putian şəhərində akrobatika gimnastikası üzrə yaş qrupları üzrə keçirilən beynəlxalq yarış da gimnastlarımız üçün uğurlu olub. Belə ki, 12-18 və 13-19 yaşarası kateqoriyasında təmsil olunan qarışıq cütlüklər Nurcan Cabbarlı – Ağasif Rəhimov və kişi cütlüyü Seymur Cəfərov- Murad Əkpərov yarışların gümüş medalını əldə ediblər.
Martın 31-dən aprelin 3-ə kimi İspaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa çempionatında iştirak edən təmsilçilərimiz vətənə medulla qayıdıblar. İkili mini batut üzrə yarışlarda ölkəmizi təmsil edən Dmitriy Fedorovski fəxri kürsünün 3-cü pilləsində yer alıb. Digər gimnastımız Mixail Malkin isə ilk dəfə olaraq Avropa çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq 8-ci nəticə göstərib.
İyunun 23-26-da Portuqaliyanın Anadiya şəhərində "Challenge” seriyasından idman gimnastikası üzrə FIG Dünya Kubokunda parallel qollarda çıxış edən Oleq Stepko qızıl medala layiq görülərək dövlət himnimizin səsləndirilməsinə nail olub. İyulun 22-24-də ölkəmiz bədii gimnastika üzrə FIG Dünya Kubokunun final yarışlarına ev sahibliyi edib. Milli komandanın lideri Marina Durunda yarışların bürünc medalına layiq görülüb.
Avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan kişi idman gimnastikası üzrə yarışlarda ilk dəfə təmsil olunub. Oleq Stepko və Petro Paxnyuk yarışlarda iştirak ediblər. Oleq Stepko həm də çoxnövçülük üzrə yarışların finalında qüvvəsini sınayıb. Bədii gimnastımız Marina Durunda isə dünyanın güclü gimnastlarının yarışdığı olimpiadada çoxnövçülük üzrə yarışlarda dünyanın ən güclü 10 gimnastı sırasında yer alıb.
Oktyabr ayında Tokioda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının 81-ci Konqressində həmin qurumun Apellyasiya Tribunalına seçkilər keçirilib və Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri, Mehman Əliyev 64 səslə sözügedən tribunala üzv seçilib. İlin önəmli hadisələrindən biri də Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq kişi idman gimnastikası üzrə hakimimiz Rza Əliyevin 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını qazanması olub.

Dekabrın 24-də hər il gimnastika növləri üzrə yığma komandaların iştirakı ilə ənənəvi qeyd edilən "Bremen Musiqiçiləri” adlı möhtəşəm yeni il şousu tamaşaçılara xoş anlar yaşadıb. Dekabrın 25-də federasiyanın bütün heyəti Milli Gimnastika Arenasına toplaşaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili bir yerdə qeyd ediblər. Tədbirdə 2016-cı ilin nəticələri üzrə Azərbaycan Gimnastika Federasiyasının reytinq siyahısında Oleq Stepko 1-ci yeri tutub. 2-ci yerdə Nurcan Cabbarlı-Ağasif Rəhimov cütlüyü, 3-cü yerdə isə Murad Əkpərov-Seymur Cəfərov cütlüyü qərar tutub. İlin "10 ən yaxşı gimnastı” nominasiyasında Marina Durunda, Dmitriy Fedorovskiy, Səməd Məmmədli, Arzu Cəlilova, Nərmin Ramazanova, Aynur Hüseynova, Lalə Hüseynova, Zöhrə Ağamirova, Nərminə Səmədova fərqləniblər. "İlin ən yaxşı məşqçisi” adını İradə Qurbanova alıb. "İlin ən yaxşı hakimi” Rza Əliyev seçilib. Kamil Quliyev İlin ən yaxşı xoreoqrafı”, Aydın Ağalıyev "İlin ən yaxşı tibb işçisi” , Nurlana Məmmədzadə isə "İlin ən yaxşı meneceri” nominasiyasında qalib olublar.

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına həsr olunmuş tədbirdə Marina Durunda və Oleq Stepko ilin yekunlarına görə ən yaxşı idmançı adına layiq görülərək mükafatçılar sırasında yer alıblar. Bədii gimnastika üzrə yığma komandamızın məşqçi və hakimi Natalya Bulanova isə "Ədalətli Oyun Prinsiplərinə Sadiq Hakim” nominasiyası üzrə diplomla təltif edilib.