Güləşçilər Azərbaycan çempionatında yarışacaqlar

Güləşçilər Azərbaycan çempionatında yarışacaqlar



Yanvarın 11-13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşdan yuxarı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, klublar, təşkilatlar, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57 kq, 61 ka, 65 kq, 70 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59 kq, 66 kq, 71 kq, 75 kq, 80 kq, 85 kq, 98 kq və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Proqrama əsasən, sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Yanvarın 12-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar. Qalib güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilməklə il ərzində beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.