Gənc nəslin fiziki sağlamlığının qorunmasında idman məktəblərinin xüsusi rolu var

Gənc nəslin fiziki sağlamlığının qorunmasında idman məktəblərinin xüsusi rolu var

Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri gənc nəslin qayğısına qalmaq oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün lazımi tədbirlər həyata keçirildi. İndi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə, o cümlədən, idmanda gənc nəslin nümayəndələri özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan ediblər.

Müstəqil Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar, uşaq və yeniyetmələrimizin sağlamlığının daha da inkişaf etdirilməsinə xidmət edir. Ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri idi. O, gənclərdə milli mənlik şüurunun və onlara vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət ayırırdı. Bu, ölkəmizdə uşaq və gənclərin sağlam böyüməsi, mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün vacib idi.

Dünyanın idman arenalarında Azərbaycan atletlərinin qələbəsindən sonra ölkəmizin bayrağının qaldırılması, Dövlət himninin səsləndirilməsi ölkəmizin daha da yaxından tanınmasına zəmin yaradır. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin idman arenalarında ciddi rəqibə çevrilməsi də ölkəmizin nüfuzunu artırır.

Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün istənilən şəraiti yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələr, festivallar, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqlı nəslin yetişdirilməsi həmişə dövlət başçısının diqqət mərkəzində olub. Gənclərdə sağlam həyat tərzinin formalaşmasında, onların pis vərdişlərdən uzaq olmasında və düzgün istiqamətə yönəlməsində idman böyük rol oynayır. Hazırda ölkə əhalisinin əsas aparıcı qüvvəsi olan gənclərdə sağlam həyat tərzinin formalaşması, milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolunun həlledici olması üçün xüsusi dövlət siyasəti həyata keçirilir. Vətənimizin adını uca tutmaq niyyəti ilə idmançılarımızın müxtəlif mötəbər yarışlarda iştirakı onlarda milli qürur, vətənpərvərlik hisslərini, milli mənlik şüurunun inkişafın tərbiyəsini daha da gücləndirir. Gənc nəslin nümayəndələri müxtəlif yarışlarda qələbə əzmi ilə yarışırlar. Beynəlxalq yarışlarda üçrəngli bayrağımızın dalğalanması, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşının milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə zəmin yaradır. Eyni zamanda, medal əldə edən idmançılarımız yeniyetmə və gənclərimiz üçün nümunəyə çevrilirlər. Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, onların vətənin sadiq keşikçilərinə çevrilmələrinə şərait yaradır. Gənclərin vətənpərvərlik, vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Bu baxımdan, ölkəmizdə hərbi, idman və turizm oyunlarının keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycanda idmana göstərilən dövlət qayğısı hər birimizi sevindirir. İdmançılarımızın beynəlxalq arenalarda uğurlu çıxışlarını izlədikcə qəlbimiz qürur hissi ilə döyünür. Şübhəsiz ki, əldə olunan qələbələrdə, gənc nəslin kütləvi halda idmana cəlb olunmasında idman məktəblərinin də xüsusi xidmətləri var. Belə idman ocaqlarından biri 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir (RİOEUGİM). İdman ocağında fəaliyyət göstərən 18 nəfər Əməkdar məşqçi adını daşıyır. Burada çalışan mütəxəssislərdən 4 nəfəri Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 5 nəfəri isə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına layiq görülüb. 1 saylı RİOEUGİM-də çalışan mütəxəssislərdən 3 nəfəri ali kateqoriyalı, 28 nəfəri birinci kateqoriyalı, 2 nəfəri isə ikinci kateqoriyalı məşqçidir. İdman ocağında uşaqlar 8 (ağırlıqqaldırma, boks, atletika, yunan-Roma güləşi, sərbəst güləş, cüdo, stolüstü tennis, üzgüçülük) idman növü ilə məşğul olurlar. Burada məşq edən idmançılar hər il müxtəlif yarışlarda mükafatalayiq yerlər tutur, məktəbin idman şərəfini layiqincə qoruyurlar. İdman ocağına gənc mütəxəssis Orxan Ələkbərov rəhbərlik edir. Onun sözlərinə görə, bu idman ocağında gənclərin, eləcə də yeniyetmələrin fiziki inkişafı istiqamətində lazımi işlər aparılır. "Bu gün idman cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanda idmana göstərilən diqqət və qayğı sayəsində bu sahə uğurla inkişaf edir. Kütləviliyin təmin edilməsi, yeniyetmə və gənclərin idmanla müntəzəm məşğul olması üçün ölkədə idmanın maddi-texniki bazası gücləndirilir. İndi ölkəmizdə idmanla məşğul olmaq üçün yüksək səviyyəli şərait mövcuddur. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi ən uğurlu siyasətlərdən biridir. Çünki idman insanların fiziki və mənəvi cəhətdən sağlam olmasına kömək edir, eyni zamanda, milli, mənəvi dəyərlərimizi gənclərə, uşaqlara aşılayır. Uşaq və gənclərin, eləcə də, yaşlı nəslin gümrahlığı, sağlam həyat tərzi məhz idmanla tənzimlənir. Çünki idmanın imkanları genişdir. Müşahidələr göstərir ki, ömrünü idmana həsr edən insanlar fiziki cəhətdən sağlam, enerjili olur, gözəl bədən quruluşu ilə fərqlənirlər. Uşaq və gənclərdə cəldlik, mənəvi saflıq, özünəinamın yaranması məhz idmanla bağlıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, layiqli vətəndaş kimi yetişməsi üçün idmanın təbliğatı vacibdir. Bu, az vaxt ərzində böyük nailiyyətə çatmaq, həmçinin öz sağlamlığını təmin etməyə nail olmaq deməkdir. Yəni, vətənin keşiyində fiziki cəhətdən sağlam gənclər dayana bilərlər. Ordu sıralarına çağırılan hər bir azərbaycanlı gənc, eyni zamanda, mənəvi cəhətdən də sağlam olmalıdır. Mənim rəhbərlik etdiyim bu idman ocağı da öz işini günün tələbləri səviyyəsində qurub. Yəni məktəbimizdə çalışan məşqçilər, idman mütəxəssisləri uşaq və gənclərin sağlam böyüməsi üçün əllərindən gələni əsirgəmirlər. Şübhəsiz ki, gördüyümüz işlər Azərbaycan dövlətinin idman sahəsində qəbul etdiyi qərarlar, proqramlar çərçivəsində həyata keçirilir. Məktəbimizdə ixtisaslı, öz işini dərindən bilən təcrübəli mütəxəssislər çalışırlar. Bu cür bacarıqlı kadrların çalışdığı bir idman məktəbində nailiyyətlərin olması təbii haldır”, - deyə Orxan Ələkbərov bildirdi.

Qeyd edək ki, buranın idmançıları həm ölkədaxili, həm də beynəlxalq arenalarda uğurla yarışırlar. Bütün idman növləri üzrə nailiyyətlər var. Təkcə arxada qalan iki il ərzində əldə olunan uğurlara nəzər salmaq kifayətdir ki, məktəbin yetirmələrinin ayrı-ayrı yarışlarda ümidləri doğrultduqları barədə məlumatı toplamaq olsun. İdman ocağının ağır atletika bölməsinin üzvləri ölkə çempionatlarında uğurla yarışıblar. 2015-ci ilin yanvar ayında keçirilən Azərbaycan çempionatında məktəbin idmançısı Əfqan Bayramov birinci yeri tutub. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunan Avropa çempionatında təkanla qaldırmada birinci olub. Digər ağır atlet Allahyar Abışov da perspektivli idmançılardandır. O, 2015-ci ilin mart ayında Türkiyənin Antalya şəhərində təşkil olunan İslam Həmrəylik Federasiyasının ağırlıqqaldırma üzrə üçüncü çempionatında ikinci yeri tutub. Latviyanın Klaypeda şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində isə Allahyar Abışov 3-cü olub.
1 saylı RİOEUGİM-in üzgüçüləri də nailiyyətlər əldə ediblər. Bu növdə qazanılan uğurları qənaətbəxş saymaq olar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq yarışda məktəbin yetirməsi Yuliya Sityusuk qısa məsafələr üzrə bütün növlərdə birinci yerə layiq görülüb. Ramiz Vəlizadə isə bu turnirdə 3-cü pillədə yer alıb. İdman ocağının yetirmələri atletika üzrə yarışlarda da mükafatçılar sırasındadırlar. Onlar ölkə çempionatlarında və birinciliklərində uğurla mübarizə aparırlar. Bu il təşkil olunan respublika birinciliyində də yüksək nəticələr qeydə alınıb. RİOEUGİM-in atletləri müxtəlif vaxtlarda keçirilən ölkə birinciliklərində 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Tunisdə təşkil olunan beynəlxalq Qran-pri turnirində isə məktəbin 2 atleti qızıl medala layiq görülüb. Bu ilin oktyabr ayında Gürcüstanda təşkil olunan yarışda məktəbin iki yetirməsi ikinci yerə, daha iki yetirməsi isə üçüncü yerə çıxıb.

Öz uğurları ilə fərqlənən RİOEUGİM-in boksçuları barədə də xoş sözlər demək olar. Buranın dəri əlcək ustaları bir sıra yarışlardan qalib kimi ayrılıblar. Yanvar ayında keçirilən ölkə birinciliyində Məhəmməd Abdullayev bütün rəqiblərini üstələyib. Onun komanda yoldaşı Əli Həşimli isə ikinci olub. Fevral ayında keçirilən Azərbaycan birinciliyində RİOEUGİM-in 2 idmançısı birinci yerə, 1 idmançısı isə ikinci yerə çıxıb. Buranın rinq ustaları beynəlxalq turnirlərdə də uğurla mübarizə aparıblar. Bu ilin may ayında Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. İdman məktəbinin yetirməsi Məhəmməd Abdullayev bütün döyüşlərdə qalib gələrək birinci yerə layiq görülüb. Perspektivli boksçu sentyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan dünya birinciliyindən də qızıl medalla qayıdıb.

Uğurlu nəticələrlə yola salınan 2016-cı il

Ötən il məktəbin idmançıları üçün uğurlu olub. İdman ocağının müxtəlif növlər üzrə yarışlarda iştirak edən idmançıları yüksək nəticələr qazanıblar. Buranın sərbəst güləşçiləri respublika turnirlərində, o cümlədən, beynəlxalq yarışlarda iştirak ediblər. Mart ayında Bakıda keçirilən şəhər birinciliyində məktəbin yetirməsi Fərid Qurbanov (120 kq) fəxri kürsünün birinci pilləsində yer alıb. Elə həmin ay paytaxtımızda Yeniyetmələrin X Respublika Oyunları təşkil olunub. Bu yarışlarda 1 saylı RİOUGİM-in 10 güləşçisi mübarizə aparıb. Yeniyetmə pəhləvanlar 2 qızıl, 5 gümüş, 3 bürünc medal qazanıblar. Aprel ayında Balakən şəhərində keçirilən Yeniyetmələrin X Respublika Oyunlarından isə məktəbin yetirmələri üç medalla (1 qızıl, 1 gümüş, 1 bürünc) qayıdıblar. Buranın sərbəst güləşçiləri ötən il beynəlxalq turnirlərdə də uğurla yarışıblar. Yanvar ayında paytaxtımızda təşkil olunan beynəlxalq turnirdə məktəbin sərbəst güləşçisi Vahid Əlizadə bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Məktəbin idmançıları Dağıstanda keçirilən beynəlxalq turnirdə də qüvvələrini sınayıblar. İdman ocağının üç güləşçisi III yeri tutub. Gürcüstanın ev sahibliyi etdiyi beynəlxalq turnirdə məktəbin iki idmançısı birinci yerə layiq görülüb, üç idmançısı ikinci pillədə qərarlaşıb. Dağıstanın Qayakənd şəhərində keçirilən beynəlxalq turnirdə isə 1 saylı RİOEUGİM-in sərbəst güləşçiləri 3 qızıl, 1 gümüş medal əldə ediblər. Beləliklə, 1 saylı RİOEUGİM-in sərbəst güləşçiləri ötən il iştirak etdikləri beynəlxalq turnirlərdə 12 medal (5 qızıl, 4 gümüş, 3 bürünc) qazanıblar. Reuspublika səviyyəli yarışlarda isə 19 medal (4 qızıl, 8 gümüş, 7 bürünc) bu idman ocağının payına düşüb.

Məktəbin yunan-Roma güləşçilərinin əldə etdikləri nəticələri də qənaətbəxş hesab etmək olar. Məktəbin "klassiklər”i keçən il respublika səviyyəli 18 yarışda iştirak ediblər. Bu yarışlarda RİOEUGİM-in ümumilikdə 18 idmançısı mübarizə aparıb. Onlardan ikisi Azərbaycan birinciliyinin qalibi adına layiq görülüb. Həmçinin məktəbin 6 idmançısı fəxri kürsünün ikinci pilləsində yer alıb. 10 nəfər isə üçüncü yeri tutub.

1 saylı RİOEUGİM-də üzgüçülüyün inkişafına da xüsusi diqqətlə yanaşılır. Təcrübəli məşqçilərin rəhbərliyi altında bu növün incəliklərinə yiyələnən idmançılar müxtəlif səviyyəli yarışlarda qüvvələrini sınayıblar. İstər daxili yarışlarda, istərsə də beynəlxalq turnirlərdə mübarizə aparan üzgüçülərin nəticələri pis olmayıb. 2016-cı ilin fevral ayında Bakı Su İdmanı Sarayında açıq qış çempionatında məktəbin 7 idmançısı iştirak edib. İdman ocağının təcrübəli üzgüçüsü Yuliya Stisyuk bu yarışda üç dəfə (sərbəst üsul, arxası üstə və batterflyay) fəxri kürsünün I pilləsində yer alıb. Onun komanda yoldaşları 3 bürünc, 2 gümüş medal qazanıblar. İdman ocağının üzgüçüləri beynəlxalq səviyyəli turnirlərdə də uğurlu çıxışları ilə fərqləniblər. Ötən il Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən yarışdan RİOEUGİM-in idmançıları 4 gümüş, 2 bürünc medalla qayıdıblar. Məktəbin üzgüçüləri "Təhsil” RİM-in açıq birinciliklərində, Bakı çempionatlarında, həmçinin Azərbaycan açıq yay çempionatında 20 dəfə fəxri kürsünün birinci pilləsində yer alıblar. Bu yarışlarda idman ocağının 26 yetirməsi II yerdə, 15 idmançısı isə 3-cü pillədə qərarlaşıb.

RİOEUGİM-in boksçuları ötən il paytaxtda təşkil olunan ölkə birinciliyində və Bakı birinciliyində uğurla yarışıblar. Dəri əlcək ustalarından Məhəmməd Abdullayev Azərbaycan çempionu adını qazanıb. Onun komanda yoldaşlarından ikisi fəxri kürsünün 2-ci pilləsində qərarlaşıb. "Təhsil” RİM-in Biləsuvar şəhərində təşkil olunan açıq birinciliyində məktəbin boksçuları 5 dəfə fəxri kürsünün I pilləsinə layiq görülüblər.

İdman ocağında cüdo ilə məşğul olanlar da ötən ili yüksək nəticələrlə başa vurublar. Yanvar ayında keçirilən Bakı şəhər birinciliyində məktəbin xanım cüdoçusu Fidan Rəhimova (63 kq) bütün rəqiblərini məğlub edərək I yerə layiq görülüb. Fidanın komanda yoldaşları Məcid Rzayev (50 kq) və Məcid Əlizadə (55 kq) də eyni uğuru təkrarlayıblar. Buranın cüdoçuları fevral ayında Azərbaycan birinciliyində mübarizə aparıblar. Məktəbin perspektivli idmançıları Murad Əlizadə (55 kq) və Mətin Rzazadə (50 kq) fəxri kürsünün I pilləsində qərarlaşıblar. Bu idman ocağının tatami ustaları təkcə ölkədaxili yarışlarda deyil, beynəlxalq turnirlərdə də etimadı doğruldublar. 2016-cı ilin aprel ayında Türkiyənin Ordu şəhərində təşkil olunan beynəlxalq turnirdə 1 saylı RİOEUGİM-in 9 idmançısı mübarizə aparıb. 6 dövlətin cüdoçularının iştirak etdiyi bu turnir ölkəmizin təmsilçiləri üçün uğurlu olub. Belə ki, məktəbin yetirmələri Türkiyədən yüz faizlik nəticə ilə qayıdıblar - 6 qızıl, 3 gümüş medal. Məktəbdə tədris olunan idman növləri sırasında atletika da xüsusi yer tutur. İdman ocağının atletləri ötən il müxtəlif səviyyəli ölkə yarışlarında uğurla mübarizə aparıblar. Paytaxt birincilikləri, Azərbaycan çempionatlarında qazanılan medallar belə deməyə əsas verir. Ötən il ayrı-ayrı növlər üzrə (müxtəlif məsafələrə qaçış, hündürlüyə və uzunluğa tullanma, estafet, nüvəitələmə və s.) keçirilən yarışlarda buranın idmançıları 37 dəfə fəxri kürsünün I pilləsində yer alıblar. 29 gümüş, 22 bürünc medal da idman məktəbinin atletlərinin aktivinə yazılıb. Məktəbin yetirməsi Nurəhməd Babayev ötən il aprel ayında Türkiyənin Konya şəhərində keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub. 1 saylı RİOEUGİM-in ağır atletika ilə məşğul olan idmançılarının əldə etdikləri nəticələri də qənaətbəxş saymaq olar. Onlar ötən il təşkil olunan Azərbaycan çempionat və birinciliklərində 4 qızıl, 1 gümüş medal qazanıblar.

"Gənc nəslin fiziki sağlamlığının qorunması 
üçün atılan addımlar hər birimizin ürəyincədir”

Şübhəsiz ki, gənc nəslin fiziki inkişafı ilə yanaşı, onların mənəvi inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Çünki gənclərin mənəvi sağlamlığı önəmli məsələdir. Bu baxımdan, 1 saylı RİOUGİM-in kollektivinin həyata keçirdiyi işlər yeniyetmə və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır. Məktəbin kollektivi burada məşq edən idmançıların pis vərdişlərdən uzaqlaşdırılması istiqamətində fəallıq nümayiş etdirirlər. Burada "Narkotikə yox deyək” devizi altında keçirilən turnirlər yeniyetmə və gənclərin mənəvi tərbiyəsinə müsbət təsir göstərir. Məşqçi-müəllimlər gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına hər zaman diqqətlə yanaşır, onların kamil insan kimi yetişməsini ən vacib məsələ hesab edirlər.

Orxan Ələkbərov qeyd etdi ki, dövlətimizin göstərdiyi qayğı sayəsində məktəbdə hər cür şərait yaradılıb. "İdman sahəsinin inkişafı dövlətimizin əsas prioritet məsələsidir. Hazırda respublikamızın hər yerində idman məktəbləri, klublar, idman kompleksləri fəaliyyət göstərir. Hər yerdə idman infrastrukturu yenilənir. Azərbaycanın gənc nəslinin fiziki sağlamlığının qorunması üçün atılan addımlar hər birimizin ürəyincədir. Bizim məktəbimiz də qayğı ilə əhatə olunub. İdman zallarımızda lazımi şərait mövcuddur. Çalışırıq ki, bizə göstərilən bu qayğıdan yararlanaq, etimadı doğruldaq. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı ilə bağlı həyata keçirilən işlər qəlbimizi sevinc hissləri ilə doldurur. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı, idman infrastrukturunun yenilənməsi, yeni idman obyektlərinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsində mühüm rol oynayır. 2015-ci ildə Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan güclü, qüdrətli dövlətdir. Azərbaycan ən irimiqyaslı idman tədbirlərini təşkil etmək qüdrətinə malikdir. Avropa Oyunlarında Azərbaycan idmançılarının yüksək yerlər tutması isə xalqımıza daha böyük sevinc bəxş etdi. Atletlərimiz bu il Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında da mükafatçılar sırasında yer aldılar. Bu mötəbər yarışda 18 medal qazanmağımız təsadüf deyildi. Bu cür yüksək nəticə ölkəmizdə idmançılara yaradılan yüksək şəraitdən xəbər verir. Bu il Azərbaycan daha bir mötəbər yarışa - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Əminəm ki, bu yarış da yüksək səviyyədə təşkil olunacaq və Azərbaycan idmançıları öz qələbələri ilə bizi sevindirəcəklər”, - deyə, gənc mütəxəssis əlavə etdi.

Yuxarıda qeyd etdiyimiz bu nəticələr bir daha göstərir ki, 1 saylı RİOEUGİM-in pedoqoji kollektivi öz işinin öhdəsindən layiqincə gəlir. Onlar ölkəmizin yeniyetmə və gənclərinin fiziki və mənəvi sağlamlığının keşiyində dayanırlar.
Hürrü Abdullayev