Gömrük işçilərinin futzal üzrə çempionatı keçirilib

Gömrük işçilərinin futzal üzrə çempionatı keçirilib

"ABU Arena” idman Kompleksində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş futzal üzrə çempionat başa çatıb. Olimpnews.az saytının məlumatına görə, ənənəvi turnirə final və yarımfinal görüşləri ilə yekun vurulub.

Yarımfinal oyunu Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandaları arasında keçirilib. Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası 9:5 hesabı ilə qalib gələrək üçüncü yerin sahibi olub.

Final mərhələsində isə Naxçıvan MR Dövlət Gömrük Komitəsi və Astara Gömrük İdarəsinin komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası qələbə qazanıb - 5:2.

Beləliklə, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası I, Astara Gömrük İdarəsinin komandası II, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası isə III yerə sahib çıxıb.

Turnirin bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər nümayəndələr iştirak ediblər. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev turniri gömrükçülərin həm xidməti, həm də idman həyatında əlamətdar hadisə kimi dəyərləndirib. DGK sədri məhsuldar keçən final və yarımfinal yarışlarında komandaların göstərdiyi oyunlardan razılığını ifadə edib.

Tədbirdə həmçinin vurğulanıb ki, Azərbaycanda bütün sahələrə, o cümlədən, idmanın inkişafına daim diqqət və qayğı göstərilir. Bölgələrdə gənclərin idmana axını, ölkəmizdə mötəbər idman yarışlarının təşkili dövlətin bu sahəyə qayğısını göstərir.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov belə yarışların keçirilməsini Dövlət Gömrük Komitəsinin gənclərin sağlamlığına verdiyi dəyərin bariz nümunəsi kimi dəyərləndirib.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunub.

Komandaların heyətində yer alan bir qrup oyunçu və hakimlər yarışın təşkilat komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə diplomla mükafatlandırılıblar.

Orxan Məmmədov (Naxçıvan MR DGK) "Ən məhsuldar oyunçu”, Rahil Tahirli (Naxçıvan MR DGK) "Ən yaxşı qapıçı”, Hikmət Məmmədov (Sumqayıt BGİ) "Ən yaxşı müdafiəçı”, Ülvi Məmmədov (AR DGK) "Ən yaxşı yarımmüdafiəçı”, Vüsal Məcidov (HNBGİ) "Ən texnikalı oyunçu”, Kənan Heydərli (Astara Gİ) "Ən əzmkar oyunçu”, Nizami Şərifov və Azad Hüseynov "Ən yaxşı hakim” nominasiyaları üzrə diplomlara layiq görülüblər.

Yarışın təşkili və keçirilməsində fəal iştirakına görə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun əməkdaşları da diplomla mükafatlandırılıblar.