Yanvarın 11-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatına start verilib.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparırlar.
İlk günün final qarşılaşmalarından əvvəl çempionatın açılış mərasimi keçirilib. Mərasimdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra final qarşılaşmaları keçirilib. İlk yarış günündə sərbəst güləş üzrə 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq çəki dərəcələrində mübarizə aparan 163 pəhləvan arasında ən güclüllər bəlli olub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq) və Murad Süleymanov (74 kq) çempionatın qızıl medalına layiq görülüblər.
Fəxri kürsüdə yer alan güləşçilər AGF tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar. Yanvarın 13-dək davam edəcək çempionatda ilk üç yeri tutan idmançılar yığma komandanın heyətinə cəlb olunacaq və il ərzində millinin qatılacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.