İdmançıların zədələrdən qorunmasında həkimlərin xüsusi rolu var

İdmançıların zədələrdən qorunmasında həkimlərin xüsusi rolu var

Müxtəlif yarışlarda mübarizə aparan idmançıların əldə etdikləri uğurlarla yanaşı, onların zədələnməsi də qaçılmaz olur. Zədələnən atletlərin bərpası, növbəti yarışlara hazırlanması heç də asan başa gəlmir. İdmançıların zədələrinin qarşısının alınması işində idman masajistlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Atletlərimizin sağlamlığının qorunmasında fəallıq nümayiş etdirən mütəxəssislərdən biri də Azər Səhlikovdur.

1979-cu ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olan. Azər Səhlikov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyun növləri fakültəsini bitirib. Eyni zamanda müalicə bədən tərbiyəsi və idman masajı üzrə təlimatçı ixtisasına yiyələnib. 2001-2012-ci illərdə Goranboy rayon Gənclər və İdman İdarəsində güləş üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərib. O, bir müddət Səfikürd kənd orta məktəbində bədən tərbiyəsi müəllimi kimi çalışıb. Bir müəllim kimi, şagirdlərin bədən tərbiyəsi və idmanla mütəmadi məşğul olması üçün əlindən gələni əsirgəməyib. Təcrübəli mütəxəssis 2012-ci ildə Azərbaycan Güləş Federasiyasına dəvət olunaraq burada fiziki üsullarla müalicə və idman masajisti kimi işə başlayıb. Pəhləvanlarımızın sağlamlığının qorunmasında, onların yarışlara hazırlanmasında Azər Səhlikovun əməyi az olmayıb. 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasında işə başlayan bacarıqlı mütəxəssis cüdo üzrə yığma komandanın üzvlərinin sağlamlığının keşiyində dayanıb. Azər Səhlikov həm də orta məktəbdə təhsilin inkişafında öz əməyini əsirgəməyib. O, 2013-cü ildə dərc olunmuş və təhsil Nazirliyi tərəfindən orta məktəblərdə dərs vəsaiti kimi təsdiq edilmiş "Şagird üçün izahlı biologiya lüğəti” dərsliyinin müəllilərindən biridir.

Təcrübəli mütəxəssis hazırda "İdmanda masaj” kitabını çapa hazırlayır. O, 2013-cü ildə "Olimpə doğru” jurnalının, ötən il isə Olimpnews.az saytının keçirdiyi rəy sorğusuna əsasən ilin "Ən yaxşı idman həkimi” və "İlin ən yaxşı tibbi müalicəvi idman fizoterapiya mütəxəssisi” nominasiyalarının qalibi seçilib.