“Neftçi idman klubu” İB: idman xronikası

“Neftçi idman klubu” İB: idman xronikası


Futbol
AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda çempionata fasilə verildiyindən "Neftçi İdman Klubu”nun U-17 və U-14 komandaları Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olublar. Yanvarın 16-dan 24-dək davam edən toplantıda U-17 komandamız paralel olaraq bir sıra yoldaşlıq oyunu keçirib. "Kabuleti”, "Dinamo” və "Bobokvati” kollektivləri ilə qarşılaşan komandamız müvafiq olaraq rəqiblərini 6:1, 2:1 və 6:2 hesabı ilə məğlub edib.

U-14 komandamız isə Çakvi şəhərində həmin şəhərdə təşkil olunan turnirdə bütün görüşləri qələbə ilə başa vuraraq liderliyə yüksəlib. Futbolçularımız "Momavali” (6:1), "Kaspi” (2:1), "Ozurgeti” (3:1) və "Bobokvati” (1:0) komandaları ilə keçirdikləri oyunların hər birində əldə etdikləri inamlı qələbə nəticəsində turnirin qalibi adını qazanıblar. Çakvi şəhər bələdiyyəsi tərəfindən turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.

Cüdo
On beş yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan və iki gün davam edən (26-27 yanvar) yarışda 400-dən artıq yeniyetmə cüdoçu mübarizə aparıb. Paytaxt birinciliyində "Neftçi İdman Klubu”nun kiçikyaşlı cüdoçuları da iştirak ediblər. Təmsilçilərimiz 2-si qızıl, 3-ü gümüş və 7-si bürünc olmaqla 12 medal qazanıblar. Onlardan 46 kq çəki dərəcəsində mübarizə aparan Əlihümbət Qafarov və Vüqar Talıbov (60 kq) yarışların çempionu adına layiq görülüblər. Qeyd edək ki, yanvarın 24-25-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan 13 yaşadək cüdoçuların Bakı birinciliyində də klubumuzun yetirmələri uğurla çıxış edərək 10 medala (3 qızıl, 5 gümüş, 2 bürünc) sahib olublar.


Boks
2001-2002-ci illər təvəllüdlü yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyinə yekun vurulub. Bakı Boks Mərkəzində təşkil olunan yarışda 158 dəri əlcək ustası bacarığını nümayiş etdirib. Klubumuzun boksçularından beşi mükafatçılar arasında yer alıb. Onlardan Afət Babayev (48 kq) və Ədalət Sayılov gümüş, Röyal Buludov (52 kq), Samir Nəsirov (57 kq) və Əmri Novruzov (75 kq) isə bürünc medala layiq görülüb.


Sambo
Hövsan Olimpiya İdman Kompleksində 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 165 idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun samboçuları birincilikdə əzmlə mübarizə apararaq 15 medal (4 qızıl, 6 gümüş, 5 bürünc) qazanıblar. Yeniyetmə idmançılarımızdan 52 kq çəkidə çıxış edən Kənan Babayev, Emin Haqverdiyev (60 kq), Mikayıl Aqui (65 kq) və Aslan Qasımov (75 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq paytaxt çempionluğunun sevincini yaşayıblar.

"Neftçi İdman Klubu”İctimai Birliyinin
mətbuat xidməti