“Neftçi İdman Klubu” yeni qələbələrə doğru inamla irəliləyir

“Neftçi İdman Klubu” yeni qələbələrə doğru inamla irəliləyir



Azərbaycan müstəqillik qazandıqdan sonra qısa müddət ərzində özünü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilib. İdman və Olimpiya Hərəkatının təbliği və inkişafına göstərilən yüksək səviyyədə dövlət qayğısının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
"Neftçi İdman Klubu” İctimai Birliyi dövlətimizin idman sahəsindəki yürütdüyü siyasəti həmişə əməli işi, qabaqcıl idmançıları və yüksək nəticələri ilə dəstəkləyən idman təşkilatlarından biridir. Klub mütəmadi olaraq, neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Ötən il klubumuz üçün uğurlu illərdən biri kimi yadda qalıb. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 152 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 700-ə yaxın neftçi idmanla məşğul olub.

«Neftçi İdman Klubu»nun fəaliyyətinin əsas istiqaməti kimi SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılıb. Voleybol, mini-futbol (Novruz bayramı, 28 May – Respublika Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), şahmat, «Səmti müəyyən etmə» və «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, o cümlədən spartakiada təşkil olunub. Ümumilikdə, bu yarışlarda da 1900-dən çox neftçi iştirak edib.

İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən yaddaqalın isə təbii ki, hər ilin sentyabr ayında qeyd olunan və neftçilərin peşə bayramı (20 sentyabr–Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2016-cı ildə klubumuz tərəfindən neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadası keçirilib. Yarışda 29 müəssisədən olan komandaların tərkibində 1241 iştirakçı mübarizə aparıb ki, onlardan da 235-i qadındır. Yarışda 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə yarışlar təşkil olunub.
«Neftçi İdman Klubu» peşəkar idmançıların hazırlığı sahəsində də geniş təcrübəyə malikdir. Bu sahədə uğurlarımız və nailiyyətlərimiz kifayət qədərdir. Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi idmançılarımız Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizi şərəflə təmsil edərək vətənə medallarla qayıdıblar. Klubumuzun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda dövlət hinmimizi səsləndirir, üçrəngli bayrağımızı dalğalandırırlar. Elə onu demək kifayətdir ki, yalnız ötən il idmançılarımız 1150 medal qazanıblar ki, onun 422-si qızıl, 329-u gümüş, 399-u isə bürüncdür.

Azərbaycan Olimpiya komandası XXXI Yay Olimpiya Oyunlarında idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunurdu ki, onlardan da 14-ü məhz "Neftçi İdman Klubu”nun yetirməsi idi. Komandada cüdoçulardan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehtiyev (90 kq), yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), sərbəst güləşçilərdən Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), yüngül atlet Nazim Babayev, boksçu Pərviz Bağırov, qılıncoynadan Sabina Mikina və güllə atıcısı Ruslan Lunyov yer almışdı. Onlardan beşi Rio-2016 Olimpiadasının medalını qazandılar. Cüdoçular Rüstəm Orucov və Elmar Qasımov vətənə gümüş medalla qayıtdılar. Güləşçilərimizdən Toğrul Əsgərov (sərbəst güləş) gümüş, Hacı Əliyev (sərbəst güləş) və Rəsul Çunayev (yunan-Roma güləşi) isə bürünc medala sahib oldular.

Paralimpiyaçılarımız da böyük əzmkarlıq nümayiş etdirərək bu uğurun davamını gətirməyə müvəffəq oldular. Belə ki, Rio-2016-da cüdoçulardan Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş, Rövşən Səfərov (81 kq) isə bürünc medala layiq görüldülər. Bundan əlavə, atletika yarışlarında Kamil Əliyev (gümüş), üzgüçülük idman növündə isə Dmitri Saley (2 gümüş) və Roman Saley (gümüş) mükafatçılar arasında yer aldılar.

2016-cı ildə təkmübarizlik növləri ilə yanaşı, komanda idman növləri üzrə də yüksək nailiyyətlər əldə olunub. Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol və çimərlik voleybolu üzrə komanmız, eləcə də qadınlardan ibarət basketbol komandamız ölkə çempionu tituluna layiq görülüb. Futzal komandamız sonuncu Azərbaycan çempionatında 3-cü yerə layiq görülüb. Futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası mövsümü 2-ci yerdə başa vurub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində klubumuz bütün yaş qruplarında təmsil olunub. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatında çıxışlarını uğurla davam etdirirlər. Böyük əzmlə mübarizə aparan 2006-cı il təvəllüdlülərdən ibarət komandamız AFFA-nın təşkil etdiyi U-10 Liqasının qalibi adını qazanıb.

Əldə etdiyi yüksək nailiyyətlərə klubumuz ötən il Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı idman təşkilatı” adına layiq görülüb. Qazandığı uğur və nailiyyətlərlə ölkədə lider idman cəmiyyəti kimi tanınan "Neftçi İdman Klubu» yeni qələbələrə doğru inamla irəliləyir. Hazırda əsas hədəfimiz bu ilin mayında ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına daha yaxşı hazırlaşmaq və yarışda ölkəmizi layiqincə təmsil etməkdir. Məqsədimizə çatmaq üçün var gücümüzlə çalışır və bu istiqamətdə bütün qüvvələrimizi səfərbər etmişik. Təbii ki, bu uğurların əldə olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza mütəmadi olaraq göstərdiyi diqqət və qayğının danılmaz rolu vardır. Məhz onun yaxından köməkliyi sayəsində idmançılarımız üçün hər cür şərait yaradılıb və uğura gedən yolun başlanğıcında məhz diqqət və qayğı durur.



Sadıq Sadıqov,
«Neftçi İdman Klubu» İctimai Birliyi
idarəetmə aparatının rəhbəri,
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti,
MOK-un İcraiyyə Komitəsinin üzvü,
əməkdar bədən tərbiyəsi və idman xadimi