Miniatür Kitab Muzeyində Zərifə Salahovanın yubileyi keçirildi

Miniatür Kitab Muzeyində Zərifə Salahovanın yubileyi keçirildi

Bu gün Miniatür Kitab Muzeyində Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, "Şöhrət” ordenli Zərifə Salahovanın yubiley tədbiri keçirilib.

Olimpnews.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Abıyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftəhəddinova, Lyudmila Şubina və idman ictimaiyyətinin digər nümayəndələr iştirak ediblər.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev qeyd edib ki, Zərifə Salahova dünyada ilk Miniatür Kitab Muzeyinin yaradıcısı və direktorudur. Rəhbəri olduğu muzeyin fondunda 60-dan çox ölkədə nəşr edilmiş minlərlə miniatür kitab saxlanılır. Əbülfəs Qarayev yubilyarı təbrik edərək ona cansağlığı arzulayıb.

MOK-un baş katibi, Millət vəkili Ağacan Abıyev yubilyarı təbrik edərək bildirib ki, Zərifə Salahova öz əməyi ilə ölkəmizin tanınmış simalarından birinə çevrilib. "Onun adı "Ginnesin rekordlar kitabı”na daxil edilib. O, böyük ictimai xadim kimi ölkəmizi digər dövlətlərdə də layiqincə təmsil etmişdir”, - deyə Ağacan müəllim bildirib.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov da yubilyarı təbrik edərək nazirliyin ona ünvanlanmış təbrik məktubun oxudu.

Olimpiya çempionu Zemfira Meftəhəddinova və tədbirin digər iştirakçıları da Zərifə Salahovanın yubileyi münasibəti ilə təbrik edərək ona zəngin ictimai fəaliyyətində uğurlar arzulamış və cansağlığı diləmişlər.

Yubilyar Zərifə Salahova tədbir iştirakçılarına səmimi təbriklərinə görə minnətdarlığını bildirib.