Bakı 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək



Ötən həftə Avropa Gimnastika İttifaqı (AGİ) İcraiyyə Komitəsinin Lozannada iclası keçirilib.

İclasda bir sıra məsələlərlə bərabər Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı namizədliyi də müzakirə olunub. Müzakirələrdən sonra kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatının mayın 6-10-da Bakıda təşkilinə qərar verilib.

 Qadınlar arasında idman gimnastikası üzrə 33-cü Avropa çempionatına ev sahibliyini isə 2020-ci il mayın 13-17-də Fransanın Paris şəhəri edəcək. Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydalarına əsasən, 2017-2020-ci illər üzrə Olimpiya dövründə Avropa çempionatları da lisenziya xarakteri daşıyır.
Məlumat üçün bildirək ki, Azərbaycan Gimnastika Federasiyası Tokio-2020 Yay Olimpiya Oyunlarına qədər gimnastikanın 3 növü üzrə (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) lisenziya xarakterli Dünya kuboku mərhələlərinə və eləcə də bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək.