Uğurlar sevindiricidir

Uğurlar sevindiricidir

2016-cı il Azərbaycan idmançıları üçün uğurlu oldu. Atletlərimiz beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazandılar. Olimpnews.az saytının məlumatına görə, əldə olunan medallar (297 qızıl, 250 gümüş, 290 bürünc) ölkəmizdə idman sahəsinə göstərilən qayğının təzahürüdür.

Şübhəsiz ki, əldə olunan medalların qazanılmasında respublikamızda fəaliyyət göstərən klubların, federasiyaların, idman cəmiyyətlərinin xüsusi rol var. "Araz” idman klubu da Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən idman ocaqları sırasındadır. Klubun karateçiləri ötən il ümumilikdə 19 yarışda iştirak ediblər. Onlar beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatında, Dünya Oyunları və Dünya kuboku yarışlarında müxtəlif əyarlı medallara layiq görülüblər. 2016-cı ildə klubun təmsilçiləri ölkədaxili və beynəlxalq yarışlarda 119 dəfə fəxri kürsüdə yer alıblar.

Ötən il qazanılan nailiyyətlərdən danışan "Araz” idman klubunun rəhbəri Siyavuş Bayramov nəticələrin qənaətbəxş olduğunu vurğuladı: "Klubumuzun üzvləri hər il olduğu kimi, 2016-ci ili də uğurla, yüksək nəticələrlə yola saldılar. Karateçilərimizin həm ölkədaxili, həm də beynəlxalq yarışlarda medalçılar sırasında yer alması məni sevindirir. Ötən il idmançılarımız 40 dəfə fəxri kürsünün birinci pilləsində yer aldılar. Həmçinin 38 gümüş, 41 bürünc medal əldə olundu. Nəticələrimizi qənaətbəxş hesab edirəm. Təbii ki, bununla kifayətlənmək istəmirik. Növbəti yarışlarda medallarımızın sayını artırmağa çalışacağıq”.

"Araz” idman klubunun yetirmələrini qarşıda ölkədaxili yarışlar, beynəlxalq turnirlər gözləyir. Karateçilər iştirak edəcəkləri yarışlarda uğurla mübarizə aparmaq, 2017-ci ili daha böyük nəticələrlə başa vurmaq arzusundadırlar.