İdman gimnastikası üzrə Avropa çempionatı Tokio-2020-yə lisenziya qazandıracaq

İdman gimnastikası üzrə Avropa çempionatı Tokio-2020-yə lisenziya qazandıracaq



Gələn il Bakıda batut gimnastikası üzrə Avropa çempionatı təşkil ediləcək. Indiyədək ölkəmizdə 3 dəfə -2007-ci, 2009-cu və 2014-cü illərdə bədii gimnastika üzrə Avropa çempionatları keçirilib. Bu dəfə isə Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında 2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatının Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, qitə çempionatlarında da Tokio Olimpiadasına vəsiqə qazanmaq imkanı olacaq. Odur ki, bu fakt Azərbaycanda keçiriləcək Avropa çempionatının xüsusi əhəmiyyətini daha da artırır.

Bu fikirləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov federasiyanın nailiyyətləri və gələcək planları barədə məlumat verərkən deyib. O bildirib ki, son illərdə inkişaf etmiş idman növlərindən biri də bədii gimnastikadır: "Federasiya gimnastikanın altı növünün də inkişafına çalışır. Qeyd edim ki, 6 növdən 4-ü Olimpiya növüdür. Ümumiyyətlə, hər il gimnastikanın dörd Olimpiya növü üzrə dünya kubokları yarışları Azərbaycanda təşkil edilir. Bundan başqa, AGF Beynəlxalq Gimnastika Federasiyasının üzv olduğu yeganə federasiyadır ki, 2019-2020-ci illərdə Olimpiya Oyunlarına lisenziya xarakterli bütün dünya kubokları yarışlarının keçirilməsi ona həvalə edilib”.

Baş katib onu da əlavə edib ki, son illər kişi idman gimnastikası növündə də inkişaf müşahidə edilir. Bunu Bakıda keçirilən ilk Avropa Oyunlarında əldə olunan nəticələr də təsdiq etdi. Atletlərimizin bu yarışlarda qazandıqları 7 medaldan 5-I məhz adıçəkilən növ üzrə idi. Komandanın lideri, ötən il idman gimnastikası üzrə dünya kubokunun qalibi Oleq Stepkonun adını xüsusi ilə qeyd etmək lazımdır.
AGF-nin baş katibi deyib:"2016-cı ildə Azərbaycanın yeniyetmələrdən ibarət gimnastika üzrə komandası ilk dəfə Avropa çempionatında iştirak edib. Avropa çempionatının formatına görə yeniyetmə gimnastlar qitə çempionatında iki ildən bir iştirak edə bilərdilər. Bu il qitə çempionatında yalnız böyüklər iştirak edəcəyi halda, 2018-ci ildə böyüklərlə yanaşı, yeniyetmələr də yarışlarda qüvvələrini sınayacaqlar. Beləliklə, 2020-ci ildə Bakıda təşkil olunacaq kişi idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycanın yeniyetmə gimnastları da iştirak edəcəklər. Ümidvaram ki, onlar yaxşı nəticələr əldə edəcəklər”.

AGF-nin bu il fevralın 18-19-da Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına hazırlığı barədə danışan baş katib deyib: "Bakı beynəlxalq miqyaslı turnirlərin keçirilməsi üçün müasir gimnastika arenasına malikdir. Belə bir arenada biz demək olar ki, hər gün beynəlxalq turnirlər keçirə bilərik. Hər yarışda olduğu kimi, biz bu yarışlarda da tamaşaçıların qarşısına yeniliklərlə çıxacağıq. Bu yarışlar marağa səbəb olur və yarışı izləməyə gələn tamaşaçıların sayı getdikcə daha da çoxalır. Batut gimnastikası üzrə dünya kuboku yarışlarını artıq ikinci dəfə keçiririk. Ötən il yarışları izləməyə gələn tamaşaçıların əksəriyyəti gənclər idi və bu yarışlar onlar üçün maraqlıdır. İnanıram ki, önümüzdəki həftəsonu keçiriləcək növbəti dünya kuboku yarışlarında da tamaşaçıların sayı daha da artacaq”.

Bakıda keçirilən kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarından danışan F.Qayıbov bu kursların ilk dəfə paytaxtımızda 10 il əvvəl təşkil olunduğunu diqqətə çatdırıb. Kurslarda Azərbaycanı altı nəfər hakimin təmsil etdiyindən danışan baş katib bu kurslar digər hakimlərimizin də beynəlxalq status almalarında önəmli rol oynayacağını vuguladı. Qeyd edək ki, Rza Əliyev Beynəlxalq Gimnastika Federasiyasının ən yüksək hakimlik kateqoriyası olan birinci kateqoriyalı azərbaycanlı hakimdir.