Sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından "olimpnews.az"a daxil olan məlumata görə birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Dünya Güləş Birliyinin (DGB) qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilir.
Fevralın 11-12-də Sumqayıtda 2 saylı nümayəndəliyin, Balakən və Şəmkirdə isə 6 və 7 saylı nümayəndəliyin seçim yarışları keçirilib. Fevralın 12-də startı verilən Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları üç gün davam edəcək. 3 saylı nümayəndəliyin seçim yarışları fevralın 18-də Şamaxıda, 18-19-da isə 4 və 5 saylı nümayəndəliklərin təsnifat yarışları, müvafiq olaraq Sabirabad və Göyçayda keçiriləcək.
İkinci mərhələdə isə regionlararası seçim yarışlarının nəticələrinə əsasən martın 14-dən 16-dək yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar mükafatlandırılacaq və yığma komandanın heyətinə cəlb olunacaqlar.