Fevralın 17-18-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışı keçirildi.
"Olimpnews.az" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi qüvvəsini sınadı. Gimnastlar iki gün ərzində bu ildən qüvvəyə minən yeni qaydalar əsasında medallar uğrunda gərgin mübarizə apardılar. Azərbaycanı bu yarışlarda fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil etdilər.
Gimnastlarımız yarışları 3 gümüş medalla başa vurdular. Medalları ölkəmizə tampilinq cığırında Mixail Malkin, batut üzrə sinxron çıxışlarda Svetlana Makştarova və Veronika Zemlyanaya, batut üzrə fərdi proqramda isə İlya Qrişunin qazandırdılar.
Dünya kubokunun ilk günü təsnifat, ikinci gün isə final yarışları keçirildi. Fevralın 18-də batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışlarının açılış mərasimi keçirildi. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov çıxış etdi. Nazir bildirdi ki, Azərbaycan beynəlxalq miqyasda idman dövləti kimi tanınır. Yüksək səviyyəli beynəlxalq yarışların mərkəzinə çevrilən ölkəmizdə idman və Olimpiya Hərəkatına böyük diqqət və qayğı göstərilir: "Ölkəmizdə keçirilmiş I Avropa Oyunları, Ümümdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, "Formula-1” Avropa Qran-Pri yarışları, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilir. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin vətənimizdə keçirilməsinə etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq".
A.Rəhimov onu da vurğuladı ki, beynəlxalq yarışların ölkəmizdə təhlükəsiz, ədalətli prinsiplər əsasında keçirilməsi idmanın sərhədsiz, geniş coğrafiyaya malik olmasını bir daha təsdiq edir. Batut və tamblinq gimnastikası üzrə Dünya kubokuna, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyinin Azərbaycana verilməsi bunun sübutudur: "Əminəm ki, bu yarışların da yüksək səviyyədə keçirilməsinə nail olacağıq. Batut və tamblinq gimnastikası idman növü dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür. İnanıram ki, Bakıda keçirilən Dünya kuboku ölkədə batut və tamblinq gimnastikasının inkişafında əhəmiyyətli rol oynayacaq. Hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram".
Medallar uğrunda mübarizə yarışların ikinci gününə təsadüf edirdi. Gimnastımız Mixail Malkin tamblinq cığırında final yarışlarını ikinci başa vurdu. İdmançımız toplam 72.100 bal toplayaraq yarışların gümüş medalına layiq görüldü. Qızıl medala Rusiya təmsilçisi Qriqori Noskov sahib oldu. Bürünc medal isə Böyük Britaniya təmsilçisi Eillot Brouna qismət oldu.
Qadınlar arasında tampilinq çığırında Rusiyalı gimnast Anna Korobeynikova fərqləndi. A.Korobeynikova 69,700 bal toplayaraq qızıl medala sahib oldu. Gümüş medalı portuqaliyalı Rakel Pintu (66,000 bal), bürünc medalı isə CAR təmsilçisi Byanke Zunikind (65,900) qazandı.
Kişilər arasında batut yarışlarının qalibi adını 60.535 balla Mixael Melnik (Rusiya) qazandı. Gimnastımız İlya Qrişnunin 59.890 balla Dünya kubokunun gümüş medalına sahib oldu. 3-cü yeri isə 59.085 balla portuqaliyalı idmançı tutdu. Sixron batut növündə qazaxıstanlı gimnastlar Pirməmməd Əliyev və Danil Mussabəyov (51.400 bal) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində yer aldılar.
Qadınlar arasında batut yarışlarında 1-ci və 2-ci yerlərə Rusiya idmançıları Susana Kosnesok (55.615 bal), Yana Pavlova (55.545 bal) sahib oldular. Bolqarıstanlı gimnast Tatsiana Piatrenia isə (55.210 bal) yarışı 3-cü yerdə başa vurdu. Sinxron batutda isə hamıdan güclü Bolqarıstan təmsilçiləri oldular. Tatsianna Piatrenia və Hanna Harçonak (49.400 bal) Dünya kubokunun qızıl medalını qazandılar.
Yarışlarda ən yaxşı çıxışa və ən yüksək bala görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi mükafatı olan "AGF Trophy" da təqdim olundu. Kişilər arasında bu mükafata rusiyalı gimnast Dmitri Uşakov, qadınlardan isə digər rusiyalı idmançı Yana Pavlova layiq görüldü. Mükafatları FIG-nin texniki nümayəndəsi N.Makarov və yarışların direktoru N.Bulanova təqdim etdilər.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışında kişi batutçulardan Olimpiya çempionu Vladislav Qonçarov (Belarus), Olimpiya oyunlarının gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçulardan Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya), tamblinqdə isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionu Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) mübarizə aparırdılar.
Səadət Hakıyeva