Əlaçı şagird, perspektivli idmançı

Əlaçı şagird, perspektivli idmançı
Uşaqların fiziki sağlamlığının qorunması, onların idmana cəlb olunması ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Gələcəyimiz olan uşaqların idmanla məşğul olması üçün respublikamızda bütün imkanlar mövcuddur. İdmanın müxtəlif növlərinin sirlərinə yiyələnən uşaqlar mili komandalarımızın ehtiyat qüvvəsi sayılır.

9 yaşlı Muradəli Məmmədov da gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcək idmançılardandır. O, Bakı Biznes Universiteti «Vinq çun-kunq fu döyüş sənəti» idman klubunda kikboksinq və vinq çun-kunq fu ilə məşğul olur. Məşqçisi Arzuman Rəsulzadənin tövsiyələrinə əməl edən perspektivli idmançı mübarizə apardığı yarışlarda dəfələrlə birinci yeri tutub. 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnirdə Muradəli bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. 2015-ci il də onun üçün uğurlu olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş vinq çun-kunq fu üzrə açıq Bakı turnirində fəxri kürsünün birinci pilləsində yer alıb. Xocalı soyqırımına, həmçinin Dövlət Müstəqilliyi Gününə həsr olunan turnirlərdə Muradəli Məmmədov bütün döyüşlərini qələbə ilə başa çatdırıb.

O, 2015-ci ildə iştirak etdiyi daha iki yarışdan qızıl medalla ayrılıb. Ötən il də məktəbli idmançı üçün uğurlu keçib. Açıq Bakı turnirində, açıq Bakı kubokunda və şaolin döyüş sənəti üzrə təşkil olunan paytaxt çempionatında Muradəli birinci yerə layiq görülüb. Demək olar ki, iştirak etdiyi bütün yarışlarda fəxri kürsünün ən yüksək pilləsində yer alması məktəbli idmançının gələcəkdə ölkəmizi beynəlxalq turnirlərdə yüksək səviyyədə təmsil edəcəyini deməyə əsas verir.

Binəqədi rayonu 276 nömrəli orta məktəbdə təhsil alan Muradəli həm də dərs əlaçısıdır. Təsadüfi deyil ki, o, 2014-cü ildə məktəb rəhbərliyi tərəfindən «İlin intellektual şagirdi» diplomuna layiq görülüb.