Gənc pəhləvanların yarışına yekun vurulub

Gənc pəhləvanların yarışına yekun vurulub




Fevralın 23-24-də Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilib. 

"Olimpnews.az" xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandaya cəlb etmək olub. Yarış Dünya Güləş Birliyinin (DGB) mövcud qaydalarına əsasən keçirilib və burada klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar yarışıblar.
İlk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Əli Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Xabib Karaçayev (60 kq), Hacımurad Hacıyev (66 kq), Rəşad Yusifli (74 kq), Hacımurad Maqomedsaidov (84 kq), Asxab Həmzətov (96 kq) və Umar İsrailov (120 kq) hamıdan güclü olublar.

Turnirin ikinci günündə isə yunan-Roma güləşi üzrə 169 pəhləvan gücünü sınayıb. Bütün görüşləri qələbə ilə başa vuran Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Nizami Şəmilov (96 kq) və Cavid Feyziyev (120 kq) qızıl medallara layiq görülüblər.

Mükafatalayiq yerləri tutan idmançılar yığma komandanın heyətinə cəlb olunacaqlar.