Güləşçilərimiz bu ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirirlər.
Yunan-Roma üzrə yığma komandanın 20 nəfərdən ibarət üzvü baş məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında İstanbulda hazırlıq keçir. Təlim-məşq toplanışında Azərbaycan və Türkiyə güləşçiləri ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandasının üzvləri də iştirak edirlər. Birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Sonra yığma komandamızın üzvləri Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Qadın güləşi üzrə yığma komandamızın üzvləri isə təlim-məşq toplanışını Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin yığma komandası ilə birgə keçirlər. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Kiyevə yollanan yığmamız Konça-Zaspa təlim-məşq bazasında məşğul olurlar. Burada güləşçilərimizlə yanaşı, Ukrayna, ABŞ, İsrail və Litvadan da idmançıları da iştirak edirlər.
Təlim-məşq toplanışı martın 2-də başa çatacaq. Daha sonra yığma komandanın üzvləri martın 3-4-də Kiyevdə keçiriləcək Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunan 21-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.