“Sport Time” jurnalının təqdimatı olub

“Sport Time” jurnalının təqdimatı olub
"Sport Time” jurnalının təqdimat mərasimi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, millət vəkili Ağacan Abıyev, MOK-un vitse prezidenti Xəzər İsayev, idman ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Ölkəmizdə idmanın inkişafından danışan Ağacan Abıyev jurnalın fəaliyyətinin Azərbaycanda idman siyasətinə, idmanın inkişafına dəstək olduğunu bildirib. O, "Sport Time” jurnalının kollektivinə uğurlar arzulayıb.

Jurnalın baş redaktoru Jalə Rzabəyli "Sport Time” barədə məlumat verib. Baş redaktor qeyd edib ki, jurnalın sonuncu buraxılışı 2016-cı ilin idman yekunlarına həsr olunub. «Bu nömrədə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2016-cı ilin idman yekunlarına dair çıxışında söylədiyi fikirlər barədə məqalə yerləşdirilib. Jurnalda, həmçinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun gənclər siyasətinə dair fikirləri, Milli Olimpiay Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin keçirdiyi görüşlər və idman ictimaiyyətinin tanınmış simaları barədə maraqlı məqalələr verilib. Bundan başqa, gimnastika, taekvondo, ağır atletika, atıcılıq, cüdo, kikboksinq və qol güləşi federasiyalarının 2016-cı ildə qazandıqları nailiyyətlər də jurnalımızın sonuncu nömrəsində geniş işıqlandırılıb. "Sport Time” jurnalında Qəbələdə idmana göstərilən diqqət və qayğıdan, veteran futbolçu İsgəndər Cavadovdan, paralimpiya çempionu Ramin İbrahimovun uğurlu fəaliyyətindən də bəhs olunub», - deyə baş redaktor əlavə edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev "Sport Time” jurnalının uğurla fəaliyyət göstərdiyini, ölkəmizin idman yeniliklərini, aktual mövzuları ətraflı işıqlandırdığını diqqətə çatdırıb. Sonra "Sport Time” jurnalına aid videoçarx nümayiş olunub.