Birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirildi

Birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirildi



2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunlarına hazırlıqla bağlı aprelin 30-da "Hilton Baku” mehmanxanasında mətbuat konfransı keçirildi.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirdi.
«İki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) Koordinasiya Komitəsinin iclası keçirildi. İclas çərçivəsində bir neçə təqdimat mərasimləri təşkil olundu. İdman infrastrukturu, Olimpiya kəndi, atletlərin məskunlaşması istiqamətində müzakirələr aparıldı. Komissiyanın üzvlərinə mövcud idman obyektləri nümayiş etdirildi, inşası davam edən infrastruktur barədə ətraflı məlumat verildi.
Qonaqlar Olimpiya kəndində oldular. Onlara burada bir binanın idmançıları qəbul etməyə hazır olduğu barədə məlumat verilidi. Komissiya üzvləri yaradılan şəraiti yüksək qiymətləndirlər. Müzakirələr zamanı mötəbər yarışın loqosunun, rəsmi internet səhifəsinin hazırlanması, Oyunların açılış və bağlanış, medalların təqdimat mərasimlərinin keçirilməsi istiqamətində müasir və maraqlı təkliflər irəli sürüldü», - deyə Azad Rəhimov bildirdi.
Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı İlham Əliyevin AOK Koordinasiya Komitəsinin üzvlərini qəbul etdiyini bildirən Azad Rəhimov qonaqların respublikamızda idmana göstərilən dövlət qayğısından məmnun qaldıqlarını dedi. Azad Rəhimov birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Koordinasiya Komitəsinin iclasında iştirak etdiyini diqqətə çatdırdı.
Qeyd olundu ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək olan tarixdə keçiriləcək. İlk Oyunlarda 19 növ üzrə 6 min 351 idmançı qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir. İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki "Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.
Mətbuat konfransında bildirildi ki, idman növlərindən çimərlik futbolu, basketbol (3X3) və karate qeyri-olimpiya, qalanları isə Olimpiya təmayüllüdür. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirib. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin idmançıları təsnifatdan keçməzsə onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.


Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu mötəbər yarışın Azərbaycanda təşkil olunmasını bir uğur kimi qiymətləndirdi. O qeyd etdi ki, burada güclü və peşəkarlardan təşkil olunmuş komanda çalışır. «Dövlətin idmana göstərdiyi qayğı bizi çox sevindirir. Ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə olmasından xəbər verir. Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlər məni yaxşı mənada təəccübləndirdi. Avropa Oyunlarına qalan iki il, əslində, çox az müddətdir. Hazırlıq üçün 7 il lazımdır. Amma biz peşəkarları cəlb etməklə qısa vaxt ərzində məqsədlərimizə nail olacağımızı düşünürük. Avropa Oyunlarına öz yanaşmamız olacaqdır. Bakının bu mötəbər yarışa təşkilatçılıq etməsi bir bəxtəvərlikdir. Bu irəliləyişi görəndən sonra digər ölkələr 2019-cu il Avropa Oyunlarına namizədliyini vermək istəyirlər. 49 ölkənin hamısından idmançıların birinci Avropa Oyunlarda iştirak edəcəklərini gözləyirəm», - deyə o əlavə etdi.
Patrik Hikki Bakının Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyi halda yay Olimpiya oyunlarını da keçirməyə qadir olacağını bildirdi: «Bakı 2 dəfə Yay Olimpiya Oyunlarına namizəd olmuşdur. Realist olsaq, Olimpiada təşkil etmək üçün fürsət qazanmaq lazımdır. Əgər Avropa Oyunları uğurla keçirilsə, bu, sizin üçün böyük şans olacaqdır. Hər kəsə sübut edəcəksiniz ki, belə nüfuzlu oyunları keçirməyə qadirsiniz. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük və əmin olduq ki, həqiqətən də, belə bir komanda ilə işləmək bizim üçün şərəflidir və çox yaddaqalandır. Eyni zamanda, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə görüşdük. Bizim çox gözəl komandamız, ekspertlərimiz var. Əlimizdən gələni edəcək, işi yüksək səviyyədə görəcəyik».
AOK-un prezidenti 2001-ci ildən etibarən Azərbaycana 5-ci dəfə gəldiyini və hər səfərində ölkəmizə məftun olduğunu dedi. O, Bakıda çox əsrarəngiz inkişaf olduğunu bildirdi.
Tədbir zamanı Azərbaycanın turizm imkanlarından bəhs edə videoçarx nümayiş olundu.