Sərbəst güləşçilərimiz Türkiyədən 3 medalla qayıdıblar

Sərbəst güləşçilərimiz Türkiyədən 3 medalla qayıdıblar



Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnirə yekun vurulub.

"Olimpnews.az" xəbər verir ki, beynəlxalq turnirdə Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü mübarizə aparıb. Güləşçilərimiz turniri 2 qızıl və 1 gümüş medalla başa vurublar.

Qızıl medalları yığmamıza Qalib Əliyev (61 kq) və Aslanbek Alborov (97 kq) qazandırıb. Hər iki güləşçimiz finalda Türkiyə təmsilçisindən üstün olub. Qalib Əliyev Abdi Zurnaçını 4:1, Aslanbek Alborov isə Rza Yıdırımı vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib. Gümüş medala 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov sahib olub. İdmançımız finalda Türkiyə təmsilçisi Süleyman Atlıya güzəştə gedib.
Azərbaycan yığması komanda hesabında Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.