Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilir.
Yarışın keçirilməsində əsas məqsəd ölkəmizdə güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edirlər.
İlk yarış günündə 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq və 63 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 166 pəhləvan mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Həzrət Cəfərov (42 kq), Nihad Məmmədli (46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq) və Ruslan Hadisov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Hər çəki dərəcəsində mükafata layiq yerləri tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər.
Yarışa martın 16-da yekun vurulacaq.