Bakıda idman gimnastikası üzrə Dünya kubokunun final yarışları keçirilir

Bakıda idman gimnastikası üzrə Dünya kubokunun final yarışları keçirilir






Bakıda idman gimnastikası üzrə Dünya kuboku yarışları keçirilir. Milli Gimnastika Arenasında təşkil edilən yarışlara martın 16-da start verilib.

"Olimpnews.az” xəbər verir ki, turnirin ilk 2 günü təsnifat mərhələləri baş tutub. Dünən və bu gün gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda qüvvələrini sınayırlar.

Martın 18-də kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollar və halqalarda, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda final yarışları keçirilib. Dünən ümumilikdə gimnastlar 10 dəst medal uğrunda mübarizə aparıblar.

Yunanıstan təmsilçisi, Olimpiya çempionu Elefterios Petrunias Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda halqalarda qızıl medal qazanıb. O, hakimlərdən 15.466 xal alıb.
İkinci yeri 14.766 xalla yaponiyalı gimnast Kazuyuki Takeda, üçüncü yeri isə 14.233 xalla ukraynalı gimnast Yevgeni Yudenkov tutublar.
Ukraynalı gimnast Diana Varinska isə qadınlarv arasında müxtəlif hündürlüklü qollarda qızıl medala sahib olub. Gimnast ümumilikdə, 13.933 xal toplayıb.
İkinci yeri və üçüncü yeri müvafiq olaraq 13.600 və 13.366 xalla Avstraliya gimnastları Riane Mizzen və Corciya Rouz Braun tutublar.

Azərbaycanlı gimnastlar Yuliya İnşina və Yekaterina Tişkova müvafiq olaraq 12.300 və 12.200 xal toplayaraq 6-cı və 7-ci yerləri tutublar.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.




Səadət Hakıyeva