Yunan-Roma komandamız Dünya kubokunun gümüş medalını qazanıb

Yunan-Roma komandamız Dünya kubokunun gümüş medalını qazanıb



Martın 16-17-də İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya kuboku yarışları keçirilib.

"Olimpnews.az” xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb. Ölkəmizi bu yarışlarda yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz təmsil edib.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya kubokunun gümüş medalına yiyələnib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya kubokunun qalibi olub.