Dövlət Bayraq Meydanında pəhləvanlarımızın qarşılanma mərasimi keçirilib

Dövlət Bayraq Meydanında pəhləvanlarımızın qarşılanma mərasimi keçirilib



Martın 16-17-də İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya kuboku yarışları keçirilib. Güləşçilərimiz yarışı 2-ci yerdə başa vurublar.

Martın 19-da Dövlət Bayrağı Meydanında güləşçilərimizin qarşılanma mərasimi təşkil olunub.
"Olimpnews.az” xəbər verir ki, güləş həvəskarları, Azərbaycan Güləş Federasiyasının nümayəndələri və jurnalistlər idmançılarımızı hərarətlə qarşılayıblar.

Yığma komandanın baş məşqçisi Akif Əliyev komandamızın uğurlu çıxışı ilə bağlı danışarkən deyib: "Məqsədimiz bu yarışda uğurla iştirak edərək finalda qalib gəlmək idi. İdmançılarımız bu yarışla əlaqədar yüksək səviyyədə hazırlıq keçmişdilər. Çempion olmağa iddialı idik. 2014-cü ildə komandamız üçüncü, 2015-ci ildə isə çempion olmuşdu. İstəyirdik ki, iki il əvvəlki nəticəni təkrarlayaq. Finala vəsiqə qazandıq, lakin Rusiya millisi ilə görüşdə hakimlərin ədalətsiz qərarları nəticəsində ikinci yerlə kifayətlənməli olduq.

Komandamızın hədəfinin dünya kubokunu ikinci dəfə qazanmaq olduğunu vurğulayan millimizin üzvü Rəsul Çunayev bildirib: "Təəssüf ki, hakimlərin ədalətsizliyi ucbatından ikinci yerə layiq görüldük. Çox sevinirəm ki, biz dünyanın liderləri sırasındayıq. Dünya kuboku yarışlarında bizi izləyən və dəstəkləyən hər kəsə komandamız adından təşəkkür edirəm. Qarşıda bizi Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunları gözləyir. Komanda olaraq çalışacağıq ki, bu yarışlarda da qazanacağımız qələbələrlə Azərbaycan xalqını sevindirək”.

Dünya kubokunun gümüş medalçısı İslam Abbasov yarışı dünyanın ən güclülərinin mübarizəsi kimi qiymətləndirərək deyib: "Əvvəlcə Türkiyə kimi güclü komandanı məğlub etdik. Ardından Ukrayna və Belarusdan güclü olduq. Finalda, baxmayaraq ki, rəqib Rusiya idi və ən güclü güləşçilərlə çıxış edirdilər, qələbəyə iddialı idik. Mənim görüşüm də daxil olmaqla iki qarşılaşmada bizə qarşı aşkar ədalətsizlik göstərildi. Yoxsa, indi ikinci yerin sahibi yox, çempion idik. Finalda Rio Olimpiadasının qalibinə məğlub oldum. Halbuki onu məğlub edə bilərdim. Üzərimdə çalışıb növbəti görüşdə onu məğlub edəcəyəm”.

Yığmamızın üzvü Rafiq Hüseynov isə turnir barədə fikirlərini bölüşərək deyib: "Dünya kuboku ən güclülərin yarışıdır. Sevindirici haldır ki, biz Vətənə medalla qayıtmışıq. İkincilik kubokunu gətirmişik. Bizim bu nailiyyəti qazanmağımızda əməyi, zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk”.
Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz dünya kubokunu qalib kimi başa vurmuşdular.