Gimnastımız Dünya kubokunun bürünc medalını qazanıb

Gimnastımız Dünya kubokunun bürünc medalını qazanıb





Martın 16-19-da Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Dünya kuboku yarışları keçirilib. 

"Olimpnews.az” xəbər verir ki,Milli Gimnastika Arenasında təşkil edilən yarışlarda 23 ölkənin gimnastları qüvvələrini sınayıblar. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparıblar. 

Kişi idman gimnastikası yarışında ölkəmizi Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil ediblər.

FIG Dünya kuboku yarışlarında məşhur kişi idmançılardan Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berke (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail), qadınlar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar iştirak ediblər.

Turnirin ilk 2 günü gimnastlar təsnifat mərhələləri, son 2 gün isə ayrı-ayrı alətlər üzrə final yarışlarında qüvvələrini sınayıblar. Təsnifat yarışlarında kişi idmançılar sərbəst, paralel qollar və halqalarla hərəkətlərdə, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə hərəkətlərdə yarışıblar.

Azərbaycan gimnastı Marina Nekrasova sərbəst hərəkətlərdə bürünc medal qazanıb. O, finalda 12.833 xal toplayaraq ən yaxın rəqibi olan yunanıstanlı gimnast İoanna Suloqini 0.2 xal qabaqlayıb. Bu hərəkət üzrə qızıl medalı 13.433 xalla rumıniyalı gimnast Katalina Ponor qazanıb. Gümüş medala isə 13.400 xalla avstraliyalı gimnast Emili Littl sahib olub.

Qadınlar arasında müxtəlif hündürlüklü qollarda qızıl medala Ukrayna idmançısı Diana Varinska (13.933 xal) sahib olub. 2 və 3-cü yerləri isə Avstriya təmsilçiləri Rianna Mizzen (13.600 xal) və Corcia-Rozi Broun (13.366 xal) bölüşdürüblər. Azərbaycanlı gimnastlar Yuliya İnşina və Yekaterina Tişkova müvafiq olaraq 12.300 və 12.200 xal toplayaraq 6-cı və 7-ci yerləri tutublar.

Olimpiya çempionu, Özbəkistan təmsilçisi Oksana Çusovitina dayaqla tullanma yarışlarının qızıl medalını qazanıb. O, hakimlərdən 14.333 xal alıb. Avstraliyalı Emili Littl (14.067 xal) gümüş, sloveniyalı Teja Belak isə (13.750 xal) bürünc medala layiq görülüb.

Gimnastika tiri yarışlarında 1-ci yerin sahibi adını 13.833 xalla rumıniyalı gimnast Katalina Ponor qazanıb. Almaniya təmsilçisi Vasilisi Millousi (13.633 xal) 2-ci, avstraliyalı Emili Littl (13.433 xal) isə 3-cü yeri tutub.

Dünya kubokunda kişilər arasında turnikdə hərəkətlər üzrə yarışın finalında yaponiyalı gimnast Naoto Hayasaka birinci yeri tutub. O, 14.333 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerdə 14.000 xalla Xorvatiya gimnastı Anton Kovaçeviç, üçüncü yerdə 13.866 xalla Litva gimnastı Tomas Kuzmiçkas qərarlaşıb.

Kişilər arasında gimnastika atı üzərində hərəkətlərin finalında Çin gimnastı Hao Venq 15.400 xalla birinci yerə yüksəlib. Macarıstan təmsilçisi Kristian Berke 15.266 xalla ikinci, xorvatiyalı Filip Ude 15.200 xalla üçüncü olub.

Yunanıstan təmsilçisi, Olimpiya çempionu Elefterios Petrunias halqalarda qızıl medal qazanıb. O, hakimlərdən 15.466 xal alıb. İkinci yeri 14.766 xalla yaponiyalı gimnast Kazuyuki Takeda, üçüncü yeri isə 14.233 xalla ukraynalı gimnast Yevgeni Yudenkov tutublar.

Sərbəst hərəkətlərdə qızıl medala 14.166 xalla litvalı gimnast Tomas Kuzmiçkas sahib olub. İkinci yerə 14.000 xalla Belarus gimnastı Pavel Bulavski, üçüncü yerə isə 13.900 xalla yaponiyalı Naoto Hayasake layiq görülüblər. Azərbaycan gimnastı Murad Ağarzayev 13.300 xal yığaraq beşinci yerə sahib olub.

Paralel qollarda 1-ci və 2-ci yerlərə Çin idmançıları Rongbinq Liu (15.333 xal) və Youxio He (14.866 xal) layiq görülüblər. 3-cü yerin sahibi isə 14.700 xalla Shoqo Nonomura (Yaponiya) olub.

Dayaqla tullanmada yarışların qızıl medalını 14.866 xalla Avstraliya idmançısı Xristofer Renikes alıb. Gümüş medalı isə Bolqariya təmsilçisi Pavel Bulavski (14.666 xal) qazanıb. Bürünc medal fransalı Zaçari Hrimezə (14.616 xal) qismət olub.

Məlumat üçün bildirək ki, aprelin 28-30-da Bakıda bədii gimnastika üzrə FİG Dünya kuboku keçiriləcək.