Bədii gimnastika üzrə “Bahar kuboku”na start verilib

Bədii gimnastika üzrə “Bahar kuboku”na start verilib



Martın 28-də Dövlət Gömrük Komitəsi (DGK) İdman Sağlamlıq Mərkəzinin (İSM) "Gömrükçü” idman klubunun təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində bədii gimnastika üzrə "Bahar kuboku”na start verilib.

"Olimpnews.az” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası ilə birgə təşkil olunan yarışda paytaxt və bölgələri təmsil edən klublardan ümumilikdə 160 gimnast qüvvəsini sınayır. Turnirdə "Gömrükçü” idman klubu ilə yanaşı, "Ocaq Sport” idman klubu, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Gənclər və İdman Nazirliyinin nəzdində Respublika Kompleks İdman Məktəbi, "Şağan OİK”, "Zirə” Mədəniyyət Mərkəzi, "Zabrat” idman klubu, Bakı Su İdman Sarayı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, "Zirvə International” idman klubu, Gəncə və Naftalan Sağlamlıq mərkəzləri, Sumqayıt və Kürdəmir Olimpiya İdman komplekslərinin təmsilçiləri mübarizə aparırlar.

Yarışda 2007-2009-cu il (balacalar), eləcə də 2010-2011-ci illər təvəllüdlü idmançılar alətsiz, halqa və topla çıxışların cəmində çoxnövçülükdə yarışırlar. Fərdi proqram üzrə yarışlarda isə 2005-2006, 2002-2004-cü illər təvəllüdlü yeniyetmələr və 2001-ci ildən yuxarı təvəllüdlü gimnastlar çıxış edirlər. Onlar ip, halqa, top, gürz və lentlə hərəkətlərdə güclərini sınayırlar.
Yarışda "ən gənc gimnast”, "ən texnikalı gimnast”, "ən əzmkar gimnast” nominasiyaları üzrə qaliblər müəyyənləşəcək.

Hər yaş qrupunda "Miss Bahar” kateqoriyası üzrə fərqlənmiş gimnastlar diplomlar və hədiyyələrlə təltif olunacaqlar.
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən "Ədalət prinsiplərinə sadiq məşqçi”, "Ədalət prinsiplərinə sadiq hakim”, "Ədalət prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə də xüsusi mükafatlar təqdim olunacaq.