Macarıstanda güləş üzrə Avropa çempionatı başlayıb

Macarıstanda güləş üzrə Avropa çempionatı başlayıb



Martın 28-də Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

"Olimpnes.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

Çempionatda xalça üzərinə əvvəlcə sərbəst güləşçilər çıxıblar. Ölkəmizi yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) ölkəmizi təmsil edirlər.

Böyük məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə 7 qadın güləşçimiz iştirak edəcək. Qadınlardan Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaqlar.

Avropa çempionatının sonuncu iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donatın və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) xalça üzərinə çıxacaqlar.

Aprelin 2-dək keçiriləcək çempionatda görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.