Bədii gimnastika üzrə yığma komandamızın əsas heyəti yeni Olimpiya dövrünün ilk mötəbər yarışında iştirak ediblər.
"Olimpnews.az” xəbər verir ki, martın 25-26-da Fransanın Tiye şəhərində ənənəvi Qran-pri yarışları keçirilib. Yarışda ölkəmizi Ayşən Bayramova, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri üzrə komandamız təmsil edib. Qeyd edək ki, yığmamızın lideri Marina Durunda yarışa bir gün qalmış aldığı zədə səbəbindən turnirdə çıxış edə bilməyib.
Turnirin ilk günü qrup komandamız çoxnövçülük yarışlarında qüvvəsini sınayıb. Komandamız cüzi xalla sonuncu dünya çempionu olan İtaliya komandasına uduzaraq ikinci yeri tutub. Qızlarımız məğlubiyyətlə barışmayaraq turnirin son günü parlaq çıxış nümayiş etdiriblər. Qrup komandamız hər iki final final yarışlarında qızıl medala layiq görülüb.
Qrup hərəkətləri komandamız aprel ayının ilk həftəsi İtaliyanın Pesaro şəhərində keçiriləcək Dünya kuboku mərhələsində yarışacaq.