«Nəhənglər» Şağanda qarşılaşdılar

«Nəhənglər» Şağanda qarşılaşdılar
Şağan Olimpiya İdman Kompileksində sumo üzrə açıq Azərbaycan çempionatı keçirilib. Olimpnews.az saytının məlumatına görə, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, Polşa, Rusiya, Gürcüstan və Hindistanı təmsil edən 100-dən çox idmançı qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Məhərrəm Eyvazov (60 kq), Fərid Eyvazov (70 kq), Sərdar Səfixanov (85 kq), Sinqh Qurprit (100 kq, Hindistan) və Giorgi Meşedişvili (115 kq, Gürcüstan) birinci yerə layiq görülüb. Kişilər arasında keçirilən mütləq çəki dərəcəsində isə Laşa Jeladze birinci yeri tutub. Azərbaycan təmsilçisi Əmiraslan Əhmədov ikinci, onun komanda yoldaşı Namiq Sadiqov isə üçüncü olub. Digər gürcüstanlı idmançı Aftandil Çerçevadze üçüncü yerə sahib çıxıb. Qızların yırışlarında isə Laiqə Rəhimova bütün rəqiblərindən üstün olub. Ruziyə Kərimova ikinci, Nərgiz İbrahimova və Yuliya Tarasova üçüncü yeri tutub.

Qeyd edək ki, yarışları Avropa Sumo Federasiyasının Prezidenti Dariuş Rozum da izləyib. Avropa Sumo Federasiyasının prezidenti yarışın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirərək deyib: «Bu yarış aprelin 21-24-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına yaxşı bir hazırlıq oldu. Komandalar öz heyətlərini müəyyənləşdirdilər. İnanıram ki, burada yer tutan idmançılar qitə çempionatında da yüksək nəticə göstərəcəklər».

160 kq çəkili ABŞ idmançısı Mike Wieteça isə yarışda güclü rəqabətin olduğunu bildirib. «Bakı şəhəri məni doğrudan da təəccübləndirdi. Gözəl şəhəriniz var. Bakının gözəlliklərini gördükdən sonra qərara gəldim ki, burada bir neçə gün daha qalmaq üçün təyyarəyə olan biletimi dəyişim. Burada yüksək səviyyədə qonaqpərvərliklə qarşılandım. Bu çempionatda çox güclü idmançılar iştirak edirdilər. Bu il ABŞ çempionatında gümüş medal qazansam da, bu yarışda mükafatçılar sırasına düşə bilmədim», - deyə Mike Wieteça qeyd edib.

Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev yarışda güclü idmançıların iştirak etdiyini və sumoya əvvəlki illərlə müqayisədə daha da maraq artıdığını bildirib. «Azərbaycanda sumo üzrə qadınlar arasında ilk dəfə idi ki, yarış keçirilirdi. Bu ölkəmizdə sumoya olan marağın artmasından irəli gəlir. Yarışları yüksək səviyyədə idarə etdiklərinə görə hakimlər kollegiyasına təşəkkürümü bildirirəm. Bu turniri Yaponiya və Hindistan səfirlərinin nümayəndələri də izlədilər və yüksək təşkilatçılıq səviyyəsinə görə minnətdarlıqlarını bildirdilər. Bu yarışdan sonra sumo üzrə yığma komandamızın heyəti formalaşdı. Komandamız Gürcüstanda keçiriləcək qitə çempionatında və Avropa kubokunun mərhələ yarışlarında ölkəmizi təmsil edəcək. Qeyd edim ki, bundan əlavə yay aylarında bölgələrimizin birində yeniyetmələr arasında Azərbaycan birinciliyinin keçirilməsini də planlaşdırırq», - deyə Samir Abdullayev vurğulayıb.