Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanıblar

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanıblar



Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Yarışlara martın 28-də start verilib. 
Çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

"Olimpnews.az" xəbər verir ki, medallar uğrunda əvvəlcə sərbəst güləşçilər yarışıblar. Təmsilçilərimiz indiyədək yarışlarda 2 qızıl və 3 bürünc medal qazanıblar. Güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 1 bürünc medalla başa vurublar. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. İkinci gündə təmsilçilərimiz 1 qızıl, 2 bürünc medala sahib olublar. 70 kq çəkidə mübarizə aparan təmsilçimiz Hacımurad Ömərov Avropa çempionu tituluna layiq görülüb. Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) çempionatın bürünc medalını qazanıblar.

Bu gün qadın güləşçilərimiz mübarizəyə qoşulublar. Yarışların son iki günündə isə yunan-Roma güləşçiləri yarışacaqlar.

Avropa çempionatı aprelin 2-dək davam edəcək. Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.