Güləş komandamız Avropa çempionatının 11 medalını qazanıb

Güləş komandamız Avropa çempionatının 11 medalını qazanıb



Martın 28-dən aprelin 2-dək Macarıstanın Sombateli şəhərində güləş üzrə keçirilən U-23 Avropa çempionatına yekun vurulub.

"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, güləşçilərimiz çempionatda ümumilikdə 11 (5 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıblar.

Çempionatın ilk iki günündə sərbəst güləşçilər yarışıblar. Yığmamızın üzvləri 2 qızıl və 3 bürünc medala sahib olublar. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) Avropa çempionu titulunu qazanıblar. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə yarışı bürünc medulla başa vurublar. Sərbəst güləşçilərimiz komanda hesabında Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada qərarlaşıb.

Qadın güləşçilərimiz isə Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olublar. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) yarışdan bürünc medalla ayrılıb. Beləliklə, qadın güləşçilərimiz komanda hesabında yeddinci olublar.

Qitə birinciliyinin sonuncu iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 4 (3 qızıl və 1 bürünc) medal əldə ediblər. Qızıl medalları yığmamıza Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) qazandırıb. Bürünc medala isə Eltun Vəzirzadə (80 kq) sahib olub.
Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında üçüncü pillədə qərarlaşıb. Gürcüstan komandası 47 xalla birinci, Rusiya idmançıları isə 45 xalla ikinci yeri tutub.

Medalların əyarına görə isə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb. İki qızıl medal qazanan İsveç ikinci olub. Türkiyə, Macarıstan və Polşa komandası hərəyə 1 qızıl medal qazanıb. Qeyd edək ki, Rusiya və Gürcüstanın yunan-Roma güləşi üzrə yığma komandası çempionatda qızıl medal qazana bilməyib.