Aprelin 28-30-da paytaxt Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək.
"Olimpnews.az" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda 19 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.
Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, Bakı-2015 Avropa Oyunlarının gümüş, Avropa çempionatının bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, eləcə də Avropa çempionatının qrup hərəkətləri komandasının gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.
Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.