Güləşçilərimizin uğurları ilə bağlı mətbuat konfransı keçirilib

Güləşçilərimizin uğurları ilə bağlı mətbuat konfransı keçirilib



Bu gün Gənclər və İdman Nazirliyində (GİN) İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kubokunda və Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında idmançılarımızın yüksək nəticələr qazanması ilə bağlı mətbuat konfransı keçirilib.

"Olimpnews.az” xəbər verir ki, mətbuat konfransında GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov, yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Akif Əliyev, gənclər komandasının böyük məşqçisi Şaban Donat, digər məşqçilər və milli komandalarımızın üzvləri iştirak ediblər.

F.Mansurov idmançılarımızın hər iki yarışda yüksək səviyyədə çıxış etdiklərini bildirib: "Güləşçilərimizi təbrik edirəm. İranda keçirilən Dünya Kubokunda gümüş medal qazanmaq yaxşı nəticədir. 23 yaşlı idmançılarımız isə Azərbaycan güləşinin gələcəyidirlər. Onlar Tokio-2020 Yay Olimpiya Oyunlarında komandanın əsas heyətində yer alacaqlar. Güləş Azərbaycanda əsas idman növlərindən biridir. "Rio-2016"da əldə olunan 18 medaldan 9-u güləşçilərimizin payına düşür. Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları gözləyir. Bütün idmançılarımıza uğurlar arzulayıram".
Tədbirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edən Elçin Cəfərov hər iki yarışda uğur qazanan güləşçiləri təbrik edib. O bildirib ki, İranda keçirilən Dünya Kubokunda hakimlər qeyri-obyektiv olublar: "İranda çempion da ola bilərdik. Lakin hakimlərin yanlış qərarları gümüş medal qazanmağımızla nəticələndi".

Firdovsi Umudov da bu cür tədbirlərin ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, güləşçilərin səylə "Bakı-2017"yə hazırlaşdıqlarını deyib: "IV İslam Həmrəyliyi Oyunlarının başlaması üçün günləri sayırıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq".

İlin ən önəmli yarışının Dünya kuboku olduğunu söyləyən Akif Əliyev İrana yarışın qalibi olmaq üçün yollandıqlarını vurğulayıb: "Bildiyiniz kimi, 2013-cü ildə Dünya Kubokunun qalibi olmuşduq. İstəyirdik ki, həmin nəticəni təkrarlayaq. Lakin müəyyən səbəblərdən gümüş medal qazandıq. Çalışacağıq ki, qarşıdakı yarışlarda, xüsusən İslamiada da daha uğurlu çıxış edək".
Güləşçilərdən R.Çunayev idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, qələbələrin davamını gətirmək üçün daha səylə çalışacaqlarını bildirib.

Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokunda yunan-Roma güləşi üzrə milli komandamız gümüş medal qazanıb.

Macarıstanın Sombateli şəhərində təşkil olunmuş 23 yaşadək güləşçilər arasındakı Avropa çempionatının ilk iki yarış günündə sərbəst güləşçilər yarışıb. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələnib. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləşçilər Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü sırada qərarlaşıblar.

Qadın güləşçilər çempionatı 1 gümüş və 1 bürünc medalla başa vuraraq, komanda hesabında 7-ci yeri tutublar. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) bürünc medala sahib olub.
Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçiləri çempionatı 3 qızıl və 1 bürünc medalla tamamlayıblar. Qızıl medallara Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) layiq görülüblər. Bürünc medala 80 kq-da mübarizə aparan Eltun Vəzirzadə sahib olub. Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb. 47 xal toplayan Gürcüstan komandası birinci, 45 xal qazanan Rusiya idmançıları isə ikinci yeri tutub.

Medal əyarına görə isə yunan-Roma güləşçiləri 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıblar.