Ölkəmizdə uşaq və gənclərə qayğı siyasəti dinamik inkişaf etdirilir

Ölkəmizdə uşaq və gənclərə qayğı siyasəti dinamik inkişaf etdirilir

Azərbaycan müstəqillik əldə edəndən sonra uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi diqqət və qayğı göstərilir. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada gənclərin fəal iştirakı təmin olunmasın. Demək olar ki, idarəetmənin ən yüksək səviyyəsindən tutmuş, ayrı-ayrı sahələrin idarə olunmasına kimi bütün sahələrdə gənclərin iştirakı təmin olunmuşdur. Azərbaycanda dövlət gənclər siyasətinin əsas parametrləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib. Uzun illər ümummilli lider tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır. Bu sahədə görülən tədbirlər, həyata keçirilən işlər kampaniya xarakteri daşımır. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsində ölkəmizdə aparılan tədbirlərin intensivliyi bir daha təsdiq edir ki, bu sahə ölkəmizin qarşıya qoyduğu əsas prioritetlərdən biridir. Ölkəmizdə uşaq və gənclərin həyatını zənginləşdirən, onların həyatına hərtərəfli impuls verən qayğı siyasəti olduqca dinamik inkişaf etdirilir. Müasir Azərbaycan gəncliyini tərəddüd etmədən zəmanəmizin ən xoşbəxt gənc nəsli adlandıra bilərik. Çünki gənclər üçün ölkəmizdə yaradılan gözəl şərait və əlverişli mühit postsovet ölkələrinin heç birində yaradılmayıb. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalayıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları maliyyələşdirmək vəzifəsi qoyulub. Lakin ölkəmizin qısa zaman kəsiyində sürətlə inkişaf etməsi, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri etdi. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” hazırlanıb və Azərbaycan Prezidenti tərəfindən təsdiq olunub. Azərbaycan gənclərinin hərtərəfli inkişafı, müasir dövrün tələblərinə uyğun, gündəlik qayğılardan tutmuş ictimai-siyasi proseslərdə fəal iştiraka, asudə vaxtların səmərəli təşkilinə, intellektual səviyyənin inkişafınadək məsələlər əsas vəzifələr sırasına daxildir. Ölkədə uşaq bağçaları tikilir, yeni orta məktəblər istifadəyə verilir. Bu kimi layihələr Azərbaycanın uşaq və gənclərinin fiziki inkişafına, mənəvi cəhətdən formalaşmasına görə həyata keçirilib və keçirilməkdə davam edir. Gənclərimiz ölkəmizi bir çox sahələrdə yüksək səviyyədə təbliğ edirlər. Bu işlərdə Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri də böyük rol oynayır. İstedadlı, intellektual, savadlı gənclərə özlərini ölkəmizdən kənarda da göstərə bilmələri üçün lazımi şərait yaradılır. Gənclərimiz, demək olar ki, bütün sahələrin - təhsil, idman, mədəniyyət, incəsənət və s. inkişafında oynadıqları rola görə dünya gənclərindən fərqlənirlər. Onlar Azərbaycanı təmsil edir və bununla bərabər milli-mənəvi dəyərlərimizi də təbliğ edirlər. Bu da təbii ki, bütün sahələrin yüksəlişində, əldə olunmuş nəticələrdə özünü bariz şəkildə göstərir. Azərbaycanda istedadlı gənclər çoxdur. Bu gənclərə diqqət və qayğı dövlətin ardıcıl olaraq qəbul etdiyi sənədlərdə öz əksini tapır. Azərbaycan Gəncliyi Dövlət Proqramında (2005-2009-cu illər) istedadlı məcburi köçkün gənclərə dövlət qayğısının artırılmasına xüsusi diqqət göstərilib. Qanunda gənclər siyasətinin əsas prinsipləri öz əksini tapıb, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması kimi məsələlər dövlət gənclər siyasəti çərçivəsində uğurla həyata keçirilməkdədir.

Uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması diqqət mərkəzində olan məsələdir. "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il may ayının 8-də qəbul edilmiş Fərmanı ilə təsdiq edilib. Həmin qaydalar çərçivəsində bütün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib. Azərbaycan həm də bu sahədə bir sıra beynəlxalq təşkilatların yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkəmizdə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Aparılan təcrübə mübadiləsi isə uşaq siyasətinin yerinə yetirilməsində xüsusi rol oynayır. Qürur hissi ilə deyə bilərik ki, artıq bir çox ölkələr bu sahədə Azərbaycandan nümunə götürür.

Hər bir millətin gələcəyini yeni nəslin 
fiziki və mənəvi sağlamlıq vəziyyəti müəyyən edir

Cəmiyyətdə məhz sağlam mühitin formalaşdırdığı insanlar yüksək mədəniyyəti və intellekti ilə daim diqqət mərkəzində olublar. Həm fiziki, həm də mənəvi cəhətdən insanı saflaşdıran bədən tərbiyəsi və idman da mühüm bir sahə kimi insanların ictimai mühitə uyğunlaşmasında və öz yerini tutmasında, onların cəmiyyətdəki mövqeyində başlıca rol oynayır. Potensiallı gənclərimizin nümunəsində bu gün idman müstəqil dövlətimizin mədəniyyətinin, ideallarının təbliğatçısına çevrilib. Dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda himnimizin səsləndirilməsi, dövlət bayrağımızın qaldırılması ilə "Odlar yurdu”muz daha da şöhrətlənir. Məşq zallarının müasir idman avadanlığı ilə təchiz edilməsi, habelə məşqlərin yerli və xarici müəllimlər tərəfindən aparılması, təlim-məşq toplantılarının uzaq-yaxın xarici ölkələrdə keçirilməsi, uşaq və gənclərin fiziki inkişafında müsbət rol oynayır. Beynəlxalq standartlara cavab verən idman qurğularının, kompleks və arenaların inşası yeni nəslin hərtərəfli inkişafına, habelə gələcəkdə də idmanımızın inkişafına müsbət təsir göstərəcək.

Cəmiyyətimizə bu gün hərtərəfli inkişaf etmiş sağlam və güclü gənclər lazımdır. Bu, gələcəyin təməl daşının möhkəm qurulması, habelə ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisi üçün vacibdir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dəfələrlə öz çıxışlarında gəncləri ölkəmizin gələcəyi adlandırmışdır. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektə, müasir dünyagörüşə malik gənc nəsil yetişib. Dövlət başçısının söylədiyi "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri ölkədə uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin təməl prinsipinin əsasını təşkil edir. Azərbaycan dövləti hər zaman sağlamlığı məhdud olan uşaq, yeniyetmə və gənclərin də sağlamlığını diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, 2013-cü ildə paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi, Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan komitəyə kifayət qədər vəsait ayrılıb. Bu, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə fiziki sağlamlığı məhdud olan gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Yəni, Azərbaycan dövləti fiziki məhdudluğu olan gənclərin idmanda uğur qazanması üçün əlindən gələni əsirgəmir.

Uğur həmişə öyrənmək istəyənin yanındadır

İstənilən güclü dövlətin arxasında onun güclü siyasətçisi və sağlam gələcəyi olan gəncləri dayanır. Bu baxımdan da, ilk növbədə ən önəmli olan gənclərin fiziki və mənəvi inkişafıdır ki, dövlətimiz tərəfindən bu iş yüksək səviyyədə həyata keçirilir. Bu gün ölkəmizdə gənclərin mənəvi-fiziki hazırlığı tam ürəkaçan bir formada özünü biruzə verməkdədir.

Şübhəsiz ki, gənc nəslin mənəvi və fiziki cəhətdən inkişafında onların psixoloji vəziyyətləri aparıcı rol oynayır. Sumqayıt Şəhər İdman Bərpa Mərkəzinin psixoloqu Vüsal Əsədovun fikrincə, nəyisə dəyərləndirmək lazım gəldikdə, onun keçmişinə nəzər salmaq və müqayisə etmək gərəkdir: "Keçmişə nəzər saldıqda, müasir Azərbaycan gəncliyinin sürətli və operativ inkişafının şahidi oluruq. Müasir gəncliyin kreativ və innovativ təfəkkürünün inkişafı göz önündədir. Xüsusilə, gənclərin ictimai fəaliyyətə marağının olması və öz bacarıqlarını düzgün şəkildə yönləndirə bilmələri gəncliyimizin inkişaf etməkdə olduğunu göstərən əsas amillərdəndir. Düşünən, savadlı və fiziki cəhətdən sağlam olan gənc hər bir dövlətin tərəqqisində mühüm şərtdir. Ən önəmli şərt inkişaf və yenə də inkişafdır. Bizim gəncliyimiz bu mərhələdədir. Önəmli olan gəncin öyrənmə həvəsinin, məsuliyyətinin olması, idmana və bədən tərbiyəsinə diqqət yetirməsidir. Əgər hər hansı insanın öyrənmə həvəsi, iddiası varsa, o, hər işin öhdəsindən gələcəkdir. Nəyisə bilməməyimiz normaldır, lakin əgər öyrəniriksə və ya öyrənmək istəmiriksə, bu, o qədər də normal hal deyil. Düşünürəm ki, bizim gəncliyimiz məhz elə bu mərhələdə-öyrənmə mərhələsindədir. Uğur hər zaman öyrənmək istəyənin yanındadır”.

"Olimpiya Hərəkatı” proqramı fiziki sağlamlığın
 inkişafına xidmət edir

Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqdadır. Azərbaycan dövlətinin həyata keçirdiyi işlər, gənclərlə bağlı qəbul etdiyi qərarlar gənclərin ölkədə faydalı məşğulluğunun təmin edilməsinə, dünyagörüşünün və fiziki inkişafının daha da irəliləyişinə gətirib çıxarıb. İndi qürur hissi ilə demək olar ki, Azərbaycan gənclərinin intellektual səviyyəsi, elmi, dünyagörüşü yüksək səviyyədədir. Gənclərimiz beynəlxalq səviyyədə keçirilən elmi-praktiki konfranslarda, fənn olimpiadalarında uğurla iştirak edirlər. Şübhəsiz ki, gənclərimizin ən böyük uğurları idman yarışlarında əldə olunub. Beynəlxalq səviyyəli yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında medal qazanan idmançılarımızın əksəriyyəti məhz gənclərdir.

Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən "Olimpiya Hərəkatı” proqramı uşaq və yeniyetmələrin fiziki sağlamlığının qorunmasında xüsusi rol oynayır. "Olimpiya Hərəkatı” proqramı bu sahədə ölkəmizin ən irimiqyaslı çoxnövlü kütləvi idman proqramı sayıla bilər. Ötən il layihədə 52 mindən çox məktəbli, o cümlədən Bakının bütün məktəblərindən olan şagirdlər fəal iştirak edib. Proqramın məqsədi məktəbliləri idmana cəlb etməklə, onların həyatında müsbət dəyişikliklər yaratmaqdır. Məktəb şəraitində idmanla məşğul olmaq, eyni zamanda, uşaqların təhsilinə də müsbət təsir edir. Bakı-2015 Avropa Oyunları irsini davam etdirən proqramda 5 idman növü (atletika, badminton, voleybol, velosiped idmanı və 3x3 basketbol) üzrə keçirilən yarışlar paytaxtımızla yanaşı, Sumqayıt, Gəncə və Göygöl məktəblərini də əhatə edib. Bu proqramın əsas qayəsi ölkəmizdə gənc nəslin sağlam yetişməsinə, onlara idman rəqabəti ruhunun aşılanmasıdır.

Təbii ki, son illər ölkədə idman sahəsində baş verən sürətli inkişafın nəticəsidir ki, bu gün qarşıya qoyulan hədəflər də genişlənir. Lakin bu da böyük və əbədi yolun zirvəsi deyil. Azərbaycan Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər daha böyük uğurların əldə edilməsi üçün zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda yeniyetmə idmanı çox yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Azərbaycanda uşaq və yeniyetmə idmanına həmişə böyük diqqət göstərilmişdir. Bu, bizim gələcəyimizdir. İlk növbədə, gənc kadrlar, gənc nəsil yetişir. Digər tərəfdən, bu onu göstərir ki, gənclərimiz idmana çox böyük maraqla yanaşırlar. Bizim də məqsədimiz bundan ibarətdir ki, sağlam gənc nəsil yetişsin”.

"Burada psixoloqun vəzifəsi həmin idmançıya
 yol göstərmək deyil”

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Bu istiqamətdə psixoloqların üzərinə mühüm vəzifələr düşür. Psixoloq Vüsal Əsədov hesab edir ki, hər bir gəncin, uşağın fiziki və mənəvi inkişafı mühüm şərtlərdən biridir. "Xüsusilə, bu iki proses bir-birilə vəhdət təşkil etdikdə daha yaxşı nəticə verir. Əslində, uşaqların fiziki inkişafının psixoloqa demək olar ki, aidiyyəti yoxdur. Bu mövzuda həkimlər diqqətli olmalıdırlar. Əsas öhdəlik valideynin üzərinə düşür. Vaxtında övladının qayğısına qalmalı və vaxtında müayinəyə aparmalıdır. Psixoloqlar valideynləri sadəcə bu barədə təlimatlandıra bilər. Əlbəttə ki, idmanda psixoloqun köməyindən istifadə etmək vacibdir. Müxtəlif növlər üzrə yığma komandalarımızda psixoloqlar fəaliyyət göstərir. Onlar idmançını stresdən, üzləşdiyi çətin vəziyyətdən çıxarmağa çalışırlar. Mən deyərdim ki, özünə inamı itirən idmançının bu vəziyyətdən çıxarılmasında məşqçisi ilə bərabər, komandanın psixoloqunun da xidməti əvəzsizdir. Digər aspektdən, uşağın (gəncin) mənəvi-psixoloji inkişafı. Bəli, artıq bu sahədə psixoloqun üzərinə düşən məsuliyyət artır. Gəlin baxaq, psixoloqun ən böyük özəlliyi nədir? O, insanlara problemə kənardan baxmağa kömək edir. Bu, çox sadədir, eyni zamanda çətindir. Əslində necə olmalıdır, idmançı problemə çevrəni aşmaqla kənardan necə baxmalıdır? Çox sadə bir şəkillə bu prosesi başa düşə bilərik. Məsələn, bir çevrə çəkir və ortasında bir nöqtə (nöqtə insanı təsvir edir) qoyuruq. Digər bir çevrədə isə nöqtəni kənarda çəkirik. Nəticədə aydın başa düşə bilərik ki, problemin içərisində olduqda, sən heç bir çıxış yolu görmürsən, çarəsiz vəziyyət yaranır ki, bunun da müxtəlif fəsadları ortaya çıxır. Psixoloq məhz bunu göstərir: situasiyanı təsvir edir və problemli idmançı özünün də olduğu hadisəyə kənardan baxa bilir, problemin həlli yolunun nə qədər asan olduğunu görür. Burada psixoloqun vəzifəsi həmin idmançıya yol göstərmək deyil. Psixoloq burada sadəcə situasiyanı dəyərləndirir və hazır şəkildə idmançının önünə qoyur. Seçimi yalnız həmin idmançı edir”, - deyə psixoloq əlavə etdi.

Dövlətin gənclər siyasətində gənclərin mənəvi inkişafı məsələsinə də xüsusi diqqət göstərilir. Çünki mənəvi cəhətdən sağlam olmaq öz dövlətinə, xalqına sədaqətli olmaq deməkdir. Bizimlə söhbətində psixoloq Vüsal Əsədov dövlətimizin yürütdüyü gənclər siyasətinin sanki nəhəng bir labirintə bənzədiyini vurğuladı: "Bu labirintdə finişə çatmaq üçün müxtəlif yollar var və bu yollar hər bir gənc üçün ayrılmış, hər bir gəncin irəliləyə biləcəyi istiqamətdir. Yalnız bu labirintdən öz yolunu tapıb və məqsədinə doğru irəliləyən gənc uğur qazana bilər. Dövlətimiz gənclərə hər cür şərait yaradır. Gənclərimizin öhdəsinə düşən, öz yolunu tapıb, bu fürsətləri dəyərləndirməklə məqsədə doğru irəliləyən yolda finişə çatmaqdır. Bəli, razıyam ki, bunun üçün şərait yaradılmalıdır. Ancaq onu da deməliyəm ki, şərait kifayət qədər yaradılır, gənclərin mənəvi inkişafı üçün dövlət kifayət qədər investisiya ayırır. Azərbaycan gənclərinin üzərinə düşən yalnız bu fürsətləri dəyərləndirmək və öz yolu ilə irəliləməkdir”.

Azərbaycanın gənc nəsli Vətən, millət qarşısında öz məsuliyyətini başa düşür. Gənc nəsil özünün davranışı, təlim-tərbiyəsi, milli adət-ənənələrimizə hörmətlə yanaşması ilə seçilir. Ən başlıcası isə ölkəmizin gələcəyinin təminatçısı olan gənclər vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyinin qorunması, torpaqlarımızın işğaldan azad olunması yolunda xalqımız narahatlıq keçirə bilməz. Çünki bu xalqın fiziki və mənəvi keyfiyyətləri ilə seçilən gəncləri var.

Rahib Səmədov