Pəhləvanlarımız beynəlxalq turniri uğurla başa vurublar

Pəhləvanlarımız beynəlxalq turniri uğurla başa vurublar



Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən beynəlxalq turnir başa çatıb. Sayca 55-ci dəfə təşkil edilən turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri də iştirak ediblər.

"Olimpnews.az" xəbər verir ki, iki gün davam edən beynəlxalq turniri güləşçilərimiz 2 qızıl və 5 bürünc medalla başa vurublar. Medallardan 3-ü (2 qızıl və 1 bürünc) yunan-Roma güləşçilərimizin payına düşür. Qızıl medalları yığmamıza Rəsul Çunayev (71 kq)) və Kamran Məmmədov (66 kq) qazandırıb. Bürünc medala isə Taleh Məmmədov (59 kq) sahib olub. Sərbəst güləşçilərimiz yarışdan 3 bürünc medalla ayrılıblar. Medalları Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) qazanıblar. Qadın güləşçilərimiz isə yarışı 1 bürünc medalla (Nataliya Sinişin, 58 kq) başa vurublar.

Güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 3 bürünc medalla başa vurublar.
İkinci yarış günündə 66, 75, 85, 130 kq yunan-Roma, 61, 70, 86, 125 kq sərbəst və 53, 58, 63, 75 kq çəkidə qadın güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.
Yunan-Roma güləşi üzrə 66 kq-da mübarizə aparan Kamran Məmmədov yarımfinalda Koreyalı rəqibini məğlub edib və finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Türkiyə idmançısı ilə gərgin keçən görüşdə qalib gələrək turnirin qızıl medalını qazanıb.


Qadın güləşi yarışlarında mübarizə aparan Nataliya Sinişin (58 kq) həlledici görüşdə Almaniyadan olan rəqibinə qalib gələrək turnirin bürünc medalına sahib olub.

Bürünc medal görüşünə çıxan sərbəst güləşçimiz Ruslan Dibirhacıyev (70 kq) son görüşdə Moldovalı rəqibinə tam üstünlüklə qalib gəlib və turnirin bürünc medalını qazanıb.