AGF Kubokuna dünən start verilib

AGF Kubokuna dünən start verilib



Aprelin 13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə start verilib.

"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparırlar. İlk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan mübarizə aparıb.
Dünən turnirin rəsmi açılış mərasimi dünən keçirilib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edib.

Fərid Mansurov güləş idman növünün ölkəmizdə populyarlığından, gənclərin bu idman növünə həvəsindən danışıb. O, digər idman növlərinə olduğu kimi güləşə də dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirib. Şöbə müdiri güləşçilərimizin onlara göstərilən etimadı layiqincə doğrultduqlarını qeyd edib. F.Mansurov yarış iştirakçılarına uğurlar arzulayıb.
AGF-nin vitse-prezidenti E.Cəfərov idmançılara federasiyanın prezidenti Fazil Məmmədovun salamlarını çatdırıb. O, Azərbaycan güləşində yeniyetmə və gənclər arasında böyük rəqabət olduğunu, gələcəkdə əsas milli komandamızda çıxış etmək üçün layiqli idmançıların yetişdiyini bildirib. AGF-nin vitse-prezidenti güləşçilər arasında belə turnirlərin keçirilməsinin əhəmiyyətindən də söz açıb. Federasiya rəsmisi vurğulayıb ki, turnirlər güləşçilərimizin təcrübəsinin artırılmasında və ən yaxşı idmançıların müəyyənləşdirilməsində önəmli rol oynayır. E.Cəfərov qaliblərin milli komandanın tərkibində qarşıdan gələn beynəlxalq yarışlarda mübarizə aparacaqlarını vurğulayıb. O, yarışda iştirak edən idmançılara sağlam rəqabət arzulayıb.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və yarışlar açıq elan edilib.

Açılış mərasimindən sonra yarışlar davam edib.

Yığma komandamızın üzvləri ilk yarış günü 11- 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Həsrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq) və Cavidan Cavadov (63 kq) qazandırıb. Komanda hesabında Azərbaycan birinci, İran komandası ikinci, Gürcüstan komandası isə üçüncü olub.
AGF Kuboku uğrunda qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.