Pəhləvanlarımız AGF Kubokunu 52 medalla başa vurublar

Pəhləvanlarımız AGF Kubokunu 52 medalla başa vurublar




Aprelin 13-16-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. Güləşçilərimiz yarışı ümumilikdə, 52 (17 qızıl, 12 gümüş və 23 bürünc) medalla başa vurublar.

"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparıblar.

İlk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan mübarizə aparıb. Yığma komandamızın üzvləri günü 11 (3 qızıl, 1 gümüş və 7 bürünc) medalla başa vurublar. Qızıl medalları yığmamıza Həsrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq) və Cavidan Cavadov (63 kq) qazandırıb.
Yunan-Roma güləşi üzrə gənclərin mübarizəsində isə 100 pəhləvan yarışıb. Güləşçilərimiz günü 11 (6 qızıl, 1 gümüş və 4 bürünc) medalla başa vurub. Fəxri kürsünün ən yüksək pilləsində Rəşad Abdulov (50 kq), Namaz Rüstəmov (66 kq), Nəsir Həsənov (74 kq), Arif Niftullayev (84 kq), Tehran Əminzadə (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb.

Son yarış günündə sərbəst güləş üzrə gənclər arasında 87 pəhləvan qüvvəsini sınyayıb. Güləşçilərimiz son yarış gününü 16 (6 qızıl, 6 gümüş və 4 bürünc medal) qazanıb. Qızıl medalları yığmamıza Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Alimaqomed Alixmayev (96 kq) və Umar İsrailov (120 kq) qazandırıb.
Komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan komandası isə üçüncü yeri tutub.

AGF Kuboku uğrunda qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.