İsmayıl Həşimov: “Şirvandakı su səyahəti yubiley günümə təsadüf etdi”

İsmayıl Həşimov:  “Şirvandakı su səyahəti yubiley günümə təsadüf etdi”

Veteran güləşçi İsmayıl Həşimovun 70 yaşı tamam oldu. Olimpnews.az saytının məlumatına görə, hazırda Şirvan şəhərində yaşayan təcrübəli mütəxəssis öz təcrübəsini gənclərlə bölüşür. Yubiley ərəfəsində İsmayıl müəllimlə əlaqə saxladıq. O, suallarımızı səmimi şəkildə cavablandırdı.


- Sərbəst güləşlə nə vaxtdan məşğul olmağa başlamısınız?

- Demək olar ki, ömrümün 11 ilini bu idman növünə həsr etmişəm. 1967-ci ildə SSRİ idman ustası adına layiq görülmüşəm. Güləş mənim həyatımın bir parçasına çevrilib. İdmançı karyeramı başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərmişəm. İllər ərzində əldə etdiyim təcrübəni gənclərlə bölüşəndə qəlbim rahatlıq tapır. Hazırda təqaüddəyəm. Amma tez-tez Şirvan Olimpiya Kompleksinə gedir, burada sərbəst güləşlə məşğul olan uşaqlara öz tövsiyələrimi verirəm. Onu da deyim ki, indi bu növün sirlərini Şirvanda uşaqlara öyrədən məşqçilər arasında yetirmələrim çoxdur.

- Yeri gəlmişkən, yetirmələriniz hansı uğurları qazanıblar?

- Hər bir məşqçinin zəhməti onun yetirmələrinin uğurları ilə ölçülür. Məşqçi kimi fəaliyyət göstərdiyim illər ərzində İlham Səfərov, Məmmədağa Əliyev, Rövşən Umudov kimi istedadlı idmançılar yetişdirmişəm. Rövşən Umudov ikiqat SSRİ çempionu adına layiq görülüb. Əldə etdiyim nəticələrə görə Əməkdar məşqçi adını almışam. Təvazökarlıqdan uzaq olsa da deyim ki, təkcə yetirmələrim deyil, bütün Şirvan sakinləri mənə hörmətlə, etiramla yanaşırlar.

- Azərbaycan güləşinin bugünkü inkişafı ilə bağlı nə deyərdiniz?

- Ölkəmizdə bütün idman növlərinin inkişafına dövlət qayğısı göstərilir. Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında qazanılan nəticələr məhz bu qayğının təzahürüdür. Şübhəsiz ki, əldə olunan medallarda güləşçilərimizin xüsusi payı var. Respublikamızın bütün bölgələrində güləşin inkişafına və kütləviliyinə nail olunub. O cümlədən, Şirvan şəhərində güləşçilərimiz üçün yüksək şərait yaradılıb. Şirvanlı uşaq, yeniyetmə və gənclər də bu növün sirlərinə həvəslə yiyələnirlər.

- İsmayıl müəllim, ömrünüzün 70 ilini geridə qoydunuz. Necə düşünürsünüz, arzuladığınız həyatı yaşaya bilmisinizmi?

- Həyatımdan tam razıyam. Əgər bu illər ərzində Azərbaycan güləşinə töhfə verə bilmişəmsə, özümü xoşbəxt sayıram. 60 illik yubileyim dövlət səviyyəsində qeyd olundu. Bu, Azərbaycanda veteran idmançılara göstərilən etiramdan irəli gəlir. Yeri gəlmişkən, deyim ki, aprelin 11-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Şirvan şəhərində təşkil olunan su səyahətində mən də iştirak etdim. Xoşbəxtəm ki, Şirvandakı su səyahəti yubiley günümə təsadüf etdi. İnanıram ki, Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında öz uğurları ilə xalqımızı sevindirəcəklər.

Rahib Səmədov