Güləş üzrə yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirir.
"Olimpnews.az" xəbər verir ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında hazırlıq keçirlər.
Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.
Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışına isə aprelin 17-dən start verilib və 30-dək davam edəcək.
Məlumat üçün bildirək ki, Avropa çempionatı mayın 2-7-də Serbiyanın Novi Sad şəhərində təşkil olunacaq. Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları isə mayın 17-21-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.