Yeniyetmə qızlarımız Türkiyədə yarışacaqlar

Yeniyetmə qızlarımız Türkiyədə yarışacaqlar



Aprelin 28-30-da Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək.

Hər üç növdə keçiriləcək turnirdə qızlardan ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında ölkəmizi 10 güləşçimiz təmsil edəcək. Heyətdə Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Sevinc Əhədova, Alina Zakoyeva (hər ikisi 52 kq), Jalə Əliyeva (56 kq), Elnurə Məmmədova (60 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıb.

Məlumat üçün bildirək ki, aprelin 21-dən Türkiyədə olan yığma komandanın üzvləri Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edirlər.

Turnirin proqramına əsasən, 38 kq, 46 kq, 56 kq, 65 kq çəkidə idmançılar ilk yarış günündə qüvvəsini sınayacaqlar. Aprelin 29-da 40, 49, 60 kq, son yarış günündə isə 43, 52 və 70 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.