Aprelin 28-30-da paytaxt Bakı növbəti dəfə FIG Dünya kuboku mərhələsinə ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda 19 ölkədən 92 gimnast edəcək. Gimnastlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.
"Olimpnews.az" xəbər verir ki, ölkəmizi bu turnirdə Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, eləcə də Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup komandası təmsil edəcək. Milli komandanın lideri Marina Durunda zədələ olduğu üçün yarışlarda iştirak etməyəcək.
Bədii gimnastika üzrə FIG Dünya kubokunda 2 qat dünya və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) kimi məşhur idmançılar medallar uğrunda mübarizə aparacaq. Qrup komandalarından isə Olimpiya Oyunlarının gümüş mükafatçısı İspaniya, Olimpiya Oyunlarının bürünc mükafatçısı Bolqarıstan yarışacaq.
Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.
Yarışlara bu gün start veriləcək. Dünya kubokunun açılış mərasimi saat 17.00-da olacaq.
İdmançılarımıza uğurlar arzu edirik.