Güləşçilər Avropa çempionatında mübarizə aparacaqlar

Güləşçilər Avropa çempionatında mübarizə aparacaqlar



Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız də mübarizə aparacaq.

"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışların ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaqlar.

Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edirlər. Məlumat üçün bildirək ki, İtaliya yığma komandasının üzvü Rio-2016 Olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır.

Aprelin 27-də keçirilən məşqdən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatında ölkəmizi təmsil edəcək heyəti açıqlayıb. Heyətdə əsasən gənclərə yer verdiklərini bildirən baş məşqçi əsas heyətin IV İslam Həmrəyliyi Oyunlarında da mübarizə aparacağını bildirib.

Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək.
Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamız isə hazırlıqları Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirirlər. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Avropa çempionatında 7 güləşçimiz yarışacaq. Yarışda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Proqrama əsasən, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq qadın güləşçilər yarışacaq. Mayın 3-də 65 və 97 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər, mayın 4-də 61 və 74 kq sərbəst, 55 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 70 və 125 kq sərbəst, 58 və 69 kq qadın güləşçilər isə mayın 5-də qüvvələrini sınayacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək.