Bu gün paytaxt Bakıda növbəti dəfə bəddi gimnastika üzrə FIG Dünya kuboku mərhələsinə start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir.
"Olimpnews.az” xəbər verir ki, ölkəmizi bu turnirdə Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, eləcə də Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup komandası təmsil edir. Məlumat üçün bildirək ki, milli komandanın lideri Marina Durunda zədə səbəbindən bu yarışlarda iştirak etmir.
Bədii gimnastika üzrə FIG Dünya kubokunda 2 qat dünya və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) kimi məşhur idmançılar medallar uğrunda mübarizə aparır. Qrup komandalarından isə medallar uğrunda Olimpiya Oyunlarının gümüş mükafatçısı İspaniya, Olimpiya Oyunlarının bürünc mükafatçısı Bolqarıstan yarışırlar.
Yarışların ilk iki günü təsnifat yarşları baş tutacaq. Nəticələrdən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.
Səadət Hakıyeva